Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar neft-qaz sahəsində xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi planları barədə açıqlama verib.
“İki sahil” xəbər verir ki, nazir Liviyada jurnalistlərlə söhbətində bildirib ki, Türkiyənin enerji artımı strategiyası xaricdə əməkdaşlığın genişləndirilməsini qarşıya məqsəd qoyub.
Onun sözlərinə görə, TPAO dövlət şirkəti xarici şirkətlərlə tərəfdaşlıq imkanlarını, həmçinin layihələrdə birbaşa iştirak variantlarını nəzərdən keçirir.
Nazir fevralın 5-də İstanbulda ABŞ-ın “Chevron” şirkəti ilə perspektivli geoloji-kəşfiyyat işlərinə dair sazişin imzalanmasının planlaşdırıldığını bildirib.
A.Bayraktar Türkiyəyə Pakistanda beş yatağın tədqiqi və işlənməsi hüququnun bu yaxınlarda verildiyini xatırladıb və deyib ki, onlardan üçü dəniz yataqlarıdır.
Energetika naziri Qazaxıstanın neft-qaz sənayesinin milli lideri olan “KazMunayQaz” SC ilə aparılan danışıqlar barədə də məlumat verib. “Bir neçə gün əvvəl Türkiyədə “KazMunayQaz” nümayəndələri ilə danışıqlar aparılıb. Biz Qazaxıstanda üç sahə üzrə fəal işlərimizi davam etdiririk”, – deyə o əlavə edib.
Ankara ilə Tripoli arasında əməkdaşlığın perspektivlərinə toxunan nazir qeyd edib ki, ötən ilin iyununda TPAO ilə Liviya Milli Neft Korporasiyası arasında imzalanmış sazişə uyğun olaraq, artıq cari ildə Şimali Afrika ölkəsinin şelf yataqlarında seysmik tədqiqatlara başlanıla bilər.
“Somalidə olduğu kimi, Liviyada da sonrakı mərhələdə qazma mərhələsi mümkündür”, – deyə Türkiyənin energetika və təbii sərvətlər naziri sonda söyləyib.