25 yanvar 2026 19:10
103

KİV: Almaniya NATO müdafiəsinin əsas qovşaq nöqtəsinə çevrilir

Almaniya NATO-nun "Steadfast Dart" hərbi təlimlərində mühüm rol oynayır və Şimali Atlantika Alyansının müdafiəsi üçün əsas mərkəzə çevrilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Qrenlandiya ətrafındakı vəziyyət fonunda NATO 2026-cı ilin ən böyük hərbi təlimlərinə başlayır. Manevrlərin məqsədi münaqişə halında NATO qoşunlarının operativ şəkildə köçürülməsini sınaqdan keçirməkdir. Qəzet qeyd edib ki, Almaniya mərkəzi qovşaq rolunu oynayacaq. "Steadfast Dart" çərçivəsində Almaniyaya 10 mindən çox hərbi qulluqçu, həmçinin hərbi texnika və nəqliyyat vasitələri göndərilir. Ümumilikdə təlimlərdə 11 NATO ölkəsi iştirak edir: Belçika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Çexiya, Litva, Bolqarıstan və Türkiyə.

Təlimlərdə 1,5 mindən çox hərbi texnika – tanklar, reaktiv buraxılış qurğuları, 20-dən çox təyyarə və təxminən eyni sayda dəniz texnikası, o cümlədən desant gəmiləri, freqatlar və sualtı qayıqlar iştirak edəcək. Təlimlər Almaniya Silahlı Qüvvələrinin generalı İnqo Gerhartsın rəhbərliyi altında keçirilir.

"Steadfast Dart" təlimləri zamanı biz müdafiəyə yüksək hazırlıq səviyyəsini nümayiş etdiririk", – deyə Gerharts "Bild"ə bildirib.

"NATO-nun Mərkəzi Avropadakı komandanlığımız yalnız bu təlimləri keçirmir, həm də alyansın ərazisinin Atlantik sahilindən Baltikyanı ölkələrə qədər müdafiəsinə cavabdehdir. "Steadfast Dart" Almaniyanın NATO müdafiəsinin əsas qovşaq nöqtəsi kimi nə qədər vacib olduğunu göstərir", – general vurğulayıb.

Təlimlərin əsas mərhələləri fevral ayında keçiriləcək və əsasən, Almaniya ərazisində, o cümlədən Aşağı Saksoniya federal əyalətindəki Berqen poliqonunda baş tutacaq. Yeni yaradılmış sürətli reaksiyalı qüvvələr ("Allied Reaction Force") üçün bu, NATO-nun Niderlandın Broensem şəhərindəki komandanlığı altında keçirilən ilk təlimlər olacaq. Bu komandanlıq Almaniya və Alyansın şərq cinahına cavabdehdir.