30 noyabr 2016 22:10
437

“Neftçi İdman Klubu” xəbər verir

Güləş:

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə yekun vurulub. 50-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışın son günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.

“Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində təmsil olunan yunan-Roma güləşçilərindən üçü mötəbər yarışın mükafatçıları arasında yer alıb. Pəhləvanlarımızdan 71 kq çəki dərəcəsində mübarizə aparan Həsən Əliyev və İslam Abbasov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq “Qızıl Qran-pri” turnirinin qızıl medallarına sahib olublar. Elvin Mürsəliyev (75 kq) isə yalnız final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.

Xatırladaq ki, turnirin ilk günü xalça üzərinə çıxan sərbəst güləşçilərimizdən Murad Süleymanov (74 kq) yarışın bürünc medalına yiyələnmişdi.

Sambo:

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə açıq Bakı çempionatı sona yetib. Yarışda 9 çəki dərəcəsi üzrə 110 idmançı qüvvəsini sınayıb.

Klubumuzun öz fəallıqları ilə seçilən samboçuları 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc olmaqla ümumilikdə paytaxt çempionatının 17 medalını qazanıblar. Təmsilçilərimizdən 52 kq çəki dərəcəsində mübarizə aparan Vaqif Mirzəli, Tural Allahverdiyev (62 kq), Söhrab Bağırov (74 kq), Xalid Niftəliyev (90 kq) və Etibar Teymurov (+100 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq çempionluq sevinci yaşayıblar.

Futbol:

I Divizionda XIII turun oyunları keçirilib. Bu tur çərçivəsində “Qaradağ Lökbatan” komandası lider “Turan Tovuz”la üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Futbolçularımız güclü rəqibə qarşı böyük əzm nümayiş etdiriblər. Matçın 15-ci dəqiqəsində Elgiz Kərimlinin vurduğu qolla komandamız önə keçib. Cəmi dörd dəqiqə sonra “Turan Tovuz” hesaba tarazlıq gətirib. Bu dəfə Orxan Lalayev adını tabloya yazdırıb. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə “Qaradağ Lökbatan” hücumlarını davam etdirib və yalnız 63-cü dəqiqədə öz istəyinə çatıb. Rəqibin qapısına təyin edilən onbirmetrlik cərimə zərbəsini Rüfət Məmmədov dəqiq yerinə yetirib - 2:1. Matçın sonuna qədər qarşılıqlı hücumlar davam etsə də, qapılara əlavə top vurulmayıb. Bununla da komandamız mövsümboyu məğlubiyyət üzü görməyən və turnir cədvəlinə başçılıq edən “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanaraq, birinci dövrənin son oyununda üç xala sahib olub.

x                  x               x

AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif liqalarda növbəti turun oyunları keçirilib. “Neftçi İdman Klubu”nun ayrı-ayrı yaş qruplarında çıxış edən 11 komandası bu tur çərçivəsində mübarizə aparıb. Komandalarımızdan 7-si qələbə qazanıb, 1-i heç-heçə edib, 3-ü isə məğlubiyyətə uğrayıb:

U-10 Liqası: Neftçi İK-Xəzri İK 7:1

U-11 Liqası: Neftçi PFK-Neftçi İK 5:3

Xudat-Neftçi İK (Siyəzən) 1:7

U-12 Liqası: Neftçi İK-AZAL PFK 6:0

Colca-Cola U-13 Liqası: Mançester Yunayted (Bakı)-Neftçi İK 3:0

U-14 Liqası: AZAL PFK-Neftçi İK 1:2

Neftçi İK (Neftçala)-Masallı FK 0:0

Boulevard Hotel U-15 Liqası: Neftçi İK-AZAL PFK 3:0

U-16 Liqası: Sumqayıt FK-Neftçi İK 1:0

Baksell U-17 Liqası: Rəvan FK-Neftçi İK 0:2

U-19 Liqası: Neftçi İK-Turan Tovuz İK 4:3

Voleybol:

“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında növbəti dəfə voleybol turniri keçirdi. Klubun nəzdində fəaliyyət göstərən İdman Zalı Kompleksində təşkil olunmuş yarışda 7 komanda 2 qrupda mübarizə aparırdı. Noyabrın 21-dən 25-dək davam edən turnirdə “A” qrupunda “Bos Şelf”, “Qaz İxrac” İdarəsi, “28 May” NQÇİ, “Neftqaztikinti” Tresti, “B” qrupunda isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, “Abşeronneft” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları iştirak edirdilər.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq və kütləvi idman vərdişlərinin davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin kütləviliyinin inkişafı və sahə həmkarlar ittifaqlarının respublika spartakiadasına yığma komandanın komplektləşdirilməsi idi.

Yarışın həlledici final qarşılaşmasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsini 2:0 hesabı ilə məğlub edən “Bos Şelf” komandası turnirin qalibi adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü yerə çıxdı.

Turnirdə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidməti