Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin müraciəti əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə bağlı xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər - Bakı İnzibati Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru L.Ələsgərovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərardad qəbul edib.
Qərardadda deyilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə görə Bakı İnzibati Məhkəməsinin müraciəti üzrə ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinin və 149-cu maddəsinin I hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
Qərardadın surəti 7 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Ötən ay teleaparıcılar Azərbaycan dilində qarşılığı olan 33 xarici söz işlədiblər