27 yanvar 2026 01:11
94

Rusiya YUNESKO-nun Ümumdünya İrsi Siyahısına aid abidəni zədələyib

Rusiyanın hücumları nəticəsində Ukraynada YUNESKO-nun (UNESCO) Ümumdünya İrsi Siyahısına daxil olan Kiyev-Peçersk Lavrası zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, dini abidə İkinci dünya müharibəsindən bəri ilk dəfədir zərər görüb.

"Baş verənlər Rusiyanın Ukraynanın mədəni və mənəvi abidələrinə qarşı təkrarlanan və sistematik hücumlarının, həmçinin ölkənin enerji infrastrukturuna və mülki əhalisinə qarşı davam edən zərbələrinin ümumi mənzərəsinə uyğundur", - siyasətçi bildirib.

O qeyd edib ki, Rusiya bu təcavüzə görə məsuliyyətə cəlb edilməlidir.

"YUNESKO-dan qətiyyətli reaksiya, o cümlədən açıq şəkildə pisləmə, vurulmuş ziyanın sənədləşdirilməsi və Ukraynanın mədəni irsinin müdafiəsi üzrə beynəlxalq tədbirlərin gücləndirilməsi gözləyirik", - Ukraynanın xarici işlər naziri əlavə edib.