28 yanvar 2026 00:09
110

Suriya ordusu Haseke və Qamışlı şəhərlərinə nəzarəti bərpa edəcək

Suriya daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Haseke və Kamışlı şəhərlərində yerləşdiriləcək.

“İki sahil” "Al-Ikhbariya" telekanalına istinadla  xəbər verir ki, bu barədə qərar Dəməşqdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə "Suriya Demokratik Qüvvələri"nin (SDQ, PKK qrupunun qolu) komandanı arasında aparılan danışıqların nəticəsində qəbul olunub.

Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və silahlı dəstələrin ölkənin şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.

Gələcəkdə SDQ üzvləri hökumət qoşunlarına və güc strukturlarına inteqrasiya olunacaq. Bu proses hər iki tərəfin maraqlarını nəzərə alan plana uyğun həyata keçiriləcək.

Bundan əvvəl Rusiya hərbçilərinin Əl-Kamışlı aerodromundan çıxarıldığı bildirilmişdi. Qeyd olunurdu ki, Rusiya qüvvələrinin texnikası və ağır silahları Xmeymim bazasına köçürülür.