29 yanvar 2026 17:19
123

Trampın komandası kanadalı separatçılarla gizli görüşlər keçirib?

ABŞ prezidenti Donald Trampın nümayəndələrinin Kanadanın Alberta əyalətinin müstəqilliyini dəstəkləyən fəallarla gizli görüşlər keçirdiyi bildirilir.

“İki sahil” xəbər verir ki,  Financial Times nəşri mənbələrə istinadla yazır ki, Tramp administrasiyasının təmsilçiləri bu qruplaşma ilə üç dəfə gizli şəkildə görüşüb.

Məlumata görə, “Alberta Prosperity Project” adlı, qərb əyalətinin müstəqilliyini hədəfləyən ifrat sağçı separatçı qrupun liderləri ötən ilin aprel ayından etibarən Vaşinqtonda ABŞ Dövlət Departamentinin nümayəndələri ilə bir neçə dəfə təmasda olublar.

Financial Times hesab edir ki, bu danışıqlar Vaşinqton və Ottava arasında münasibətlərdə mövcud olan gərginliyi bir daha üzə çıxarır. Nəşrin məlumatına görə, tərəflər arasında növbəti görüş fevral ayına planlaşdırılıb. Görüşdə Alberta əyalətinin mümkün ayrılması halında 500 milyard dollar həcmində kreditin ayrılması məsələsi müzakirə oluna bilər.

Bununla belə, nəşrin mənbələri vurğulayıblar ki, ABŞ-ın bu separatçı hərəkatı birbaşa maliyyə baxımından dəstəkləməsi az ehtimal olunur.

Xatırladaq ki, bundan əvvəl Kvebek əyalətinin hökuməti vilayətin gerbindən Britaniya tacının simvolunun çıxarılması barədə qərar qəbul etmişdi.