2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan tarixində mühüm ictimai-siyasi və mənəvi məzmun daşıyan əlamətdar günlərdən biridir. Bu günün təsis edilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının, onların cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul edilməsinin bariz nümunəsidir. Azərbaycan gəncliyi yalnız ölkənin sabahı deyil, eyni zamanda bu gününün fəal iştirakçısı, sosial-iqtisadi, elmi-mədəni və ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsidir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, hər bir millətin sabitliyi və uzunmüddətli inkişafı onun gənc nəslinin intellektual səviyyəsi, mənəvi keyfiyyətləri və milli kimliyə bağlılığı ilə ölçülür. Tarixi təcrübə göstərir ki, gəncliyinə arxalanan, onu düzgün istiqamətdə formalaşdıran dövlətlər gələcəyə daha inamla addımlayırlar. Azərbaycan üçün də bu həqiqət strateji əhəmiyyət daşıyır və bu yanaşmanın ideoloji təməli Ümummilli Lider Heydər Əliyevin siyasi baxışlarında aydın şəkildə öz əksini tapmışdır. Ulu Öndər gənclərə yalnız cəmiyyətin bir təbəqəsi kimi deyil, dövlətçiliyin davamlılığını təmin edən əsas qüvvə kimi yanaşmışdır. Onun rəhbərliyi dövründə gənclərin təhsili, dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ulu Öndər gəncliyin fiziki sağlamlığını, intellektual potensialını və əxlaqi bütövlüyünü bir-birini tamamlayan vahid sistem kimi dəyərləndirmiş, bu amillərin vəhdətini güclü dövlətin təməli hesab etmişdir. Ulu Öndərin 8 dekabr 2002-ci il tarixində səsləndirdiyi fikirlər bu baxımdan xüsusi məna kəsb edir və bu gün də öz aktuallığını qoruyur. O, gənclərin yüksək biliyə, sağlam düşüncəyə və möhkəm mənəvi dəyərlərə sahib olmasını xalqın gələcəyinin əsas təminatı kimi görürdü. Məhz bu siyasi irs əsasında formalaşan gənclər siyasəti bu gün də Azərbaycan gəncliyinin milli maraqlara sadiq, müasir çağırışlara cavab verən və müstəqil dövlətimizin inkişafında fəal rol oynayan nəsil kimi yetişməsinə zəmin yaradır.
Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti müstəqil Azərbaycanın inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Zamanın dəyişən tələbləri və qlobal proseslər bu siyasətin yeni yanaşmalarla zənginləşdirilməsini zəruri etmişdir. Məhz bu mərhələdə Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu gün dövlət gənclər siyasəti yalnız ideoloji çərçivə ilə məhdudlaşmır, konkret mexanizmlər və praktik addımlarla reallaşdırılır. Gənclərin keyfiyyətli təhsilə çıxışının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyası, sosial rifahının gücləndirilməsi dövlət proqramlarının əsas prioritetləri sırasındadır. Eyni zamanda, innovasiya və startap ekosisteminin formalaşdırılması gənclərin yaradıcı potensialının üzə çıxarılmasına, yeni ideyaların iqtisadi dəyərə çevrilməsinə şərait yaradır. Bununla yanaşı, gənclərin fiziki və mənəvi inkişafı da diqqət mərkəzində saxlanılır. İdmanın kütləviləşdirilməsi, könüllülük hərəkatının genişlənməsi və gənclərin ictimai fəallığının artırılması onların cəmiyyətə inteqrasiyasını gücləndirir, məsuliyyət və vətəndaşlıq şüurunu formalaşdırır. Bu yanaşma gənclərin yalnız fərdi inkişafını deyil, eyni zamanda cəmiyyətin bütövlükdə dayanıqlı inkişafını təmin etməyə xidmət edir.
K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan gəncliyi elm və təhsil sahəsində qazandığı nailiyyətlər, idman arenalarında əldə olunan qələbələr, mədəniyyət və ictimai fəaliyyət istiqamətlərində nümayiş etdirdiyi təşəbbüskarlıqla ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir. Onların yüksək intellektual səviyyəsi, müasir texnoloji biliklərə yiyələnməsi və qlobal düşüncə tərzi milli-mənəvi dəyərlərlə vəhdət təşkil edərək Azərbaycanın inkişafında yeni mərhələnin əsasını formalaşdırır. Bu mənəvi və intellektual potensial ən parlaq şəkildə ölkəmizin taleyüklü anlarında özünü göstərmişdir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi nümayiş etdirdiyi qəhrəmanlıq, fədakarlıq və sarsılmaz vətənpərvərlik ruhu ilə dövlətə və xalqa sədaqətini əyani şəkildə sübut etmişdir. Gənclərin göstərdiyi bu mövqe onların yalnız bilikli və bacarıqlı deyil, eyni zamanda milli məsuliyyət hissi yüksək olan vətəndaşlar kimi formalaşdığını təsdiqlədi. Məhz bu reallıqlar fonunda 2 Fevral -Azərbaycan Gəncləri Günü xüsusi məna kəsb edir. Bu əlamətdar tarix gənclərə göstərilən ardıcıl dövlət qayğısının, onlara bəslənən böyük ümidlərin və ölkənin gələcəyinə olan möhkəm inamın rəmzi kimi çıxış edir. Bu gün bir daha aydın olur ki, güclü, bilikli, əxlaqlı və fəal gənclik olmadan güclü dövlət qurmaq mümkün deyil. Azərbaycanın sabahı özünə inanan, milli kimliyinə sadiq qalan və eyni zamanda müasir dünyaya açıq olan gənclərin əlindədir.
Azərbaycan gənci - sülhün, davamlılığın və rifahın əsas hərəkətverici qüvvəsidir
Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir
Kamaləddin Qafarov: Gənclər Vətənimizin qürur mənbəyi, qəhrəmanlıq simvoludurlar