02 fevral 2026 10:03
93

Azərbaycan gəncləri dövlətimizin əsas dayağı və inkişaf təməlidir

Bu gün Azərbaycan gəncləri ölkəmizini aparıcı qüvvəsi kimi çıxış edirlər. Eyni zamanda, dövlətimiz də onlara böyük qayğı ilə yanaşaraq   problemlərinin həlli istiqamətində qlobal layihələr həyata keçirir. Xüsusilə, Ülu Öndər  Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər qoyub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Hazırda Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni dövrünü  yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edrək bildirir: «Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram».

Cənab Prezident  tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxsaylı Dövlət proqramları və İnkişaf strategiyaları qəbul edilmişdir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. Bütün bunlar isə Azərbaycanın gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir. Ölkə gənclərinin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam, 2007-ci ilin “Gənclər İli” elan edilməsi,  2011-ci ildə Gənclər Fondu yaradılması və  2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu. Gənclər siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI, 2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclər Formu, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur... Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bir sözlə, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkənin sosial-iqtisadi inkişafında, dövlət quruculuğunda və milli təhlükəsizliyin təminində mühüm rolunu bir daha nümayiş etdirir. Bu gənclərimizə olan etimadın, dövlət qayğısının və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir. Azərbaycan gəncliyinin bundan sonra da dövlətimizin etibarlı dayağı olacağı, onun daha da inkişaf etməsi naminə öz bilik və bacarığını əsirgəməyəcəyi qətiyyən şübhə doğurmur.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri