Avrozonanın qorunması ilə bağlı “nə lazımdırsa edəcəyik” bəyanatı ilə tanınan sabiq Avropa Mərkəzi Bankının rəhbəri və İtaliyanın keçmiş baş naziri Mario Draqi bildirib ki, mövcud qlobal iqtisadi nizam artıq mövcud deyil. Draqi bu fikirləri Belçikada, KU Leuven Universitetində çıxışı zamanı səsləndirib. O, xəbərdarlıq edib ki, əsas təhlükə nizamın dağılması yox, onun yerini nəyin tutacağıdır.
“İki sahil” xəbər verir ki, 2024-cü ildə dərc olunan və Avropanın rəqabət qabiliyyətinin artırılmasına dair tövsiyələri əhatə edən “Draqi hesabatı”na istinad edən siyasətçi bildirib ki, Avropa İttifaqı ABŞ və Çin arasında artan rəqabət fonunda ciddi risklərlə üz-üzədir. Onun sözlərinə görə, ABŞ keçmişdə əldə etdiyi faydaları nəzərə almadan daşıdığı xərcləri ön plana çıxarır, Çin isə qlobal təchizat zəncirlərindəki üstün mövqeyindən istifadə edərək bazarları doldurur və kritik resursları siyasi alətə çevirir.
O xəbərdarlıq edib ki, bu proses Avropanı eyni anda tabe vəziyyətə salmaq, parçalamaq və sənayesizləşdirmək riski yaradır. O, Aİ-ni təcili şəkildə ticarət siyasətini şaxələndirməyə və strateji təchizat zəncirlərində mövqeyini gücləndirməyə çağırıb.
Sabiq baş nazir vurğulayıb ki, dəyişən güc balansı Avropanı konfederasiya modelindən federasiya modelinə keçməyə məcbur edir. Draqinin sözlərinə görə Aİ ticarət, rəqabət, vahid bazar və pul siyasətində birləşdiyi sahələrdə güclü aktor kimi qəbul olunur, lakin müdafiə, sənaye siyasəti və xarici siyasətdə parçalanmış vəziyyətdədir.
“Avropa ticarətdə vahid, müdafiədə isə parçalanmış qalarsa, onun iqtisadi gücü təhlükəsizlik asılılığına qarşı istifadə ediləcək – bu artıq baş verir,” – deyə Draqi bildirib.
O, ABŞ-nin Qrenlandiya ilə bağlı təhdidlərinə Aİ-nin verdiyi reaksiyanı nümunə göstərərək qeyd edib ki, birbaşa təhlükə qarşısında sərt mövqe ictimaiyyətə rəsmi sammit bəyanatlarından daha güclü təsir göstərir.