03 fevral 2026 10:54
103

Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 90-DAN ÇOX SAXLANILAN VAR

Türkiyənin mərkəzi İstanbul olmaqla 22 vilayətində Marksist-Leninist Kommunist Partiyası (MLKP) adlı silahlı terror təşkilatına qarşı əlaqələndirilmiş geniş-miqyaslı əməliyyatlar keçirilib.

“İki sahil” xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “Nsosyal” səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, silahlı terror təşkilatının mətbuat və gənclər strukturları üzərindən fəaliyyət göstərən şübhəlilərə qarşı aparılan cinayət-axtarış tədbirləri nəticəsində İstanbul, Ankara və İzmir də daxil olmaqla 22 vilayətdə əməliyyatlar həyata keçirilib. 

Yerlikaya əməliyyatlar zamanı 96 şübhəlinin saxlanıldığını açıqlayıb.

Nazir bildirib ki, təşkilatın gənclər, mətbuat və təbliğat strukturları daxilində fəaliyyət göstərdikləri, təşkilatın yüksək səviyyəli rəhbərlərinin də qatıldığı onlayn toplantılar vasitəsilə göstərişlər alıblar.

“Terrora qarşı mübarizəmiz təkcə hüquq-mühafizə orqanlarımızın sahədə apardığı əməliyyatlarla məhdudlaşmır, bu mübarizə təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli fəaliyyətə əsaslanır. Ölkəmizin bütün bölgələrində əmin-amanlığı və sabitliyi təmin etmək üçün mübarizəmizi davam etdiririk. Respublika Baş Prokurorluğumuzu, Polis İdarəmizi, qəhrəman polis əməkdaşlarımızı və əməyi keçən hər kəsi təbrik edirəm", - Yerlikaya bildirib.