Hindistan ABŞ-dan neft, müdafiə sənayesi məhsulları və təyyarələrin alışını artırmağa, həmçinin ciddi şəkildə tənzimlənən kənd təsərrüfatı bazarına qismən çıxış verməyə razılaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Hindistan hökumətindəki mənbə məlumat verib.
Fevralın 2-də ABŞ prezidenti Donald Tramp Hindistanla ticarət sazişinin əldə olunduğunu açıqlayıb. Sazişə əsasən, ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi gömrük rüsumları 50%-dən 18%-ə endiriləcək. Bunun əvəzində Yeni Dehli Rusiya neftinin alınmasını dayandırmağı və ticarət maneələrini yumşaltmağı öhdəsinə götürüb.
Donald Trampın sözlərinə görə, Hindistanın ABŞ-dan alacağı məhsulların həcmi 500 milyard dollara çata bilər. Bu siyahıya enerji resursları, kömür, texnologiyalar, kənd təsərrüfatı məhsulları və aviasiya texnikası daxil olacaq.
Hindistan hökumətindəki mənbə Reuters agentliyinə bildirib ki, razılaşmalar telekommunikasiya avadanlıqları və əczaçılıq məhsullarını da əhatə edir. Kənd təsərrüfatı bazarına çıxış yalnız müəyyən məhsullar üçün təmin ediləcək.
Vaşinqtonun təcili tələblərini yerinə yetirmək və sazişin birinci mərhələsini başa çatdırmaq məqsədilə Hindistan avtomobil idxalına tətbiq olunan rüsumları da azaldıb.
Hindistan hökumətinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında ölkənin ABŞ-a ixracı illik müqayisədə 15,88% artaraq 85,5 milyard dollar təşkil edib. Eyni dövrdə ABŞ-dan idxalın həcmi 46,08 milyard dollar olub.