03 fevral 2026 12:49
111

İran gərginliyin azaldılması üçün nüvə proqramını dayandırmağa hazırdır - "The New York Times"

İran ABŞ ilə mümkün eskalasiyanın qarşısını almaq məqsədilə nüvə proqramını bağlamağa və ya dayandırmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times"(NYT) qəzeti İran və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Tehran ABŞ tərəfindən ötən il irəli sürülmüş təklifi üstün hesab edir. Həmin təklif regional nüvə enerjisi istehsalı üzrə konsorsiumun yaradılmasını nəzərdə tuturdu. Mənbələr qeyd ediblər ki, vəziyyətin tənzimlənməsi ilə bağlı müzakirələr ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi arasında yazışmalar vasitəsilə aparılır.

NYT-nin məlumatına görə, Türkiyə, Misir, Oman və İraqdan olan diplomatlar regionda gərginliyin artmasının qarşısını almaq üçün İran və ABŞ tərəfləri ilə danışıqlar aparıblar. İki iranlı rəsminin sözlərinə görə, bu yaxınlarda Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani “diplomatik səylər çərçivəsində” İrana səfər edib.

Yanvarın 26-da ABŞ prezidenti Donald Tramp “nəhəng armadanın” İran istiqamətində hərəkət etdiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşma imzalayacağına ümid etdiyini bildirib.

Bu gün isə İran prezidenti Məsud Pezeşkian ABŞ tərəfdən “təhdidlər və əsassız gözləntilər” olmadığı təqdirdə Vaşinqtonla danışıqlara hazır olduqlarını açıqlayıb.