03 fevral 2026 16:12
101

“Avropa İttifaqı 2025-ci ilin sentyabrında Ermənistanın aviasiya sahəsində yeni çatışmazlıqlar qeydə alıb” - Xudatyan

“2025-ci ilin sentyabrında Avropa İttifaqı tərəfindən aviasiya sahəsində yeni çatışmazlıqlar qeydə alınıb, halbuki əvvəllər müəyyən edilmiş və erməni aviaşirkətlərinin “qara siyahı”ya salınmasına səbəb olmuş 40 bənddən ibarət problemlər aradan qaldırılıb”.

“İki sahil” xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.

O izah edib ki, sentyabrda qeydə alınan çatışmazlıqlar texniki, qanunvericilik və struktur xarakterlidir, onların 60 faizi artıq aradan qaldırılıb.

“Qalan problemlərin də aradan qaldırılması istiqamətində işləyirik ki, mümkün qədər tez “qara siyahı”dan çıxaq”, - deyə Xudatyan qeyd edib.

O, konkret vaxt göstərməsə də, bunun beş ildən az vaxt aparacağını bildirib.

Erməni nazir qeyd edib ki, 2025-ci ildə Ermənistan hava limanlarında sərnişin axını artaraq 5,75 milyon nəfərə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 7,5 faiz çoxdur.

O əlavə edib ki, yalnız Gümrüdəki “Şirak” hava limanında artım 32,4 faiz təşkil edib.

Xatırladaq ki, Avropa Komissiyası 2020-ci ildə bütün erməni aviaşirkətlərini uçuş təhlükəsizliyi ilə bağlı “qara siyahı”ya daxil edib.