03 fevral 2026 16:14
87

Simonyan Moskvada Lavrovla danışıqlar aparacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya fevralın 5-6-sı nəzərdə tutulan rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Simonyan özü "factor.am" saytına müsahibəsində bildirib.

Səfər Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacaq.

"Təbii ki, mən Matviyenko ilə görüş keçirəcəyəm, Rusiya XİN rəhbəri ilə də görüş planlaşdırılır. Hələlik bu qədər, lakin ola bilsin başqa görüşlər də olacaq", - Simonyan deyib. Hansı mövzuların müzakirə olunacağından danışarkən, parlament sədri qeyd edib ki, yanvarın 23-də rusiyalı həmkarı ilə son telefon danışığı zamanı onlar iki ölkənin regionları səviyyəsində razılaşdırılmış, lakin hələ imzalanmamış sənədlərlə bağlı məsələlərə toxunublar.

"Ermənistan-Rusiya münasibətlərinə və mövcud problemlərə baxılacaq. Rusiyada Ermənistan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik", - sədr deyib və qeyd edib ki, ikitərəfli münasibətlər gündəliyinin bütün məsələləri istisnasız olaraq müzakirə ediləcək.