05 fevral 2026 12:51
103

Tramp: Süni intellekt internetdən daha mühüm texnologiyaya çevrilə bilər

ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) gələcəkdə interneti geridə qoyaraq dünyanın ən mühüm texnoloji yeniliyinə çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, ABŞ bu sahədə rəqiblərini, o cümlədən Çini xeyli qabaqlayır.

“İki sahil” xəbər verir ki, Donald Tramp bunu NBC News telekanalına müsahibəsində qeyd edib.

“Süni intellekt son dərəcə vacibdir. O, internetdən də, digər bütün texnologiyalardan da daha əhəmiyyətli ola bilər. Biz Çini xeyli qabaqlayırıq. Hamını qabaqlayırıq — həm də çox böyük fərqlə”, — deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti süni intellektin kütləvi işsizliyə səbəb olacağı ilə bağlı narahatlıqları bölüşmədiyini də vurğulayıb. Onun sözlərinə görə, vaxtilə internetin də əmək bazarına mənfi təsir göstərəcəyi iddia olunurdu, lakin reallıq bunu təsdiqləmədi.

“Bu cür fikirlər internet haqqında da səsləndirilirdi. Hazırda ABŞ-da son 250 il ərzində ən çox insan çalışır. Bu o deməkdir ki, bu gün ölkəmizin tarixində heç vaxt olmadığı qədər çox insan işlə təmin olunub. Bu kifayət qədər yaxşı göstəricidir”, — deyə Tramp əlavə edib.