05 fevral 2026 14:18
96

Kreml Epşteynin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə iddiaları ciddi hesab etmir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mərhum amerikalı maliyyəçi Cefri Epşteynin Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələri barədə səsləndirilən iddiaların ciddi qəbul edilə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu cür versiyalarla bağlı yalnız zarafat etmək olar.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Dmitri Peskov bu mövzuya jurnalistlərin sualını cavablandırarkən keçirilən mətbuat konfransı zamanı münasibət bildirib.

“Bu cür versiyalarla bağlı çox zarafat etmək olar, lakin gəlin konfrans zəngimizin vaxtını buna sərf etməyək”, — deyə Kreml nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu həftə Polşanın Baş naziri Donald Tusk Cefri Epşteynin guya Rusiya casusu olduğunu iddia edib. Buna cavab olaraq Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev Donald Tuskun amerikalı maliyyəçi ilə mümkün qohumluq əlaqələrinin araşdırılmasını təklif edib.

Yanvar ayının sonunda ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynin işi ilə bağlı materialların bir hissəsini ictimaiyyətə açıqlayıb. İnsan alveri və cinsi istismar məqsədilə cinayət əməllərində ittiham olunan Epşteynin dərc olunan yazışmalarından məlum olur ki, o, 2011 və 2014-cü illərdə Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyə cəhd göstərib. Lakin bu cəhdlər nəticəsiz qalıb.