05 fevral 2026 18:18
106

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədən saxlayıb

Avropa Mərkəzi Bankı (AMB) beşinci dəfə ardıcıl olaraq əsas faiz dərəcəsini 2,15% səviyyəsində saxlayıb.

“İki sahil” xəbər verir ki,  Bankın yaydığı rəsmi məlumatda bildirilir ki, depozit proqramları üzrə və marjinal kreditləşmə proqramları üzrə faiz dərəcələri də dəyişməyərək müvafiq olaraq 2,00% və 2,40% səviyyəsində qalıb.

AMB-nin məlumatında vurğulanır ki, yenilənmiş qiymətləndirmə orta müddətli perspektivdə inflyasiyanın 2% hədəf səviyyəsində stabilləşəcəyini təsdiqləyir və iqtisadiyyatın mürəkkəb qlobal şəraitdə dayanıqlı qalmağa davam etdiyini göstərir.

Bank nümayəndələri bildiriblər ki, iqtisadi sabitlik aşağı işsizlik səviyyəsi, özəl sektorun dayanıqlı balansları, müdafiə və infrastruktur sahələrinə dövlət xərclərinin mərhələli artırılması, eləcə də əvvəlki faiz endirimlərinin müsbət təsiri hesabına dəstəklənir.

Eyni zamanda, AMB-nin analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektiv qeyri-müəyyən olaraq qalır, çünki qlobal ticarətdə davam edən qeyri-sabitlik və geosiyasi gərginliklər iqtisadiyyat üçün risk amili olaraq qalır.