ABŞ-da bir qrup qanunverici Rusiya enerji daşıyıcılarını satın alan xarici şirkət və fiziki şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, təşəbbüs hər iki partiyanın nümayəndələri tərəfindən dəstəklənir. Sənədin müəllifləri arasında Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol da yer alır.
Qanun layihəsi Rusiya nefti və neft məhsullarının alınması və ya idxalı, eləcə də bu cür əməliyyatlarla bağlı maliyyə tranzaksiyalarına yardım göstərilməsi və maddi dəstək verilməsi hallarında sanksiyaların tətbiqini nəzərdə tutur.
Eyni zamanda, sənəddə bir sıra istisnalar da əksini tapıb. Belə ki, əldə olunan vəsait ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatların alınmasına yönəldilərsə, Vaşinqton sanksiyalardan imtina edə bilər. Həmçinin idxalçı ölkənin alternativ yanacaq mənbələri olmadığı və ya gələcəkdə alış həcmini azaltmaq öhdəliyi götürdüyü hallarda da müəyyən güzəştlər mümkündür.
Bundan əlavə, əgər sövdələşmədən əldə edilən gəlirlər Ukraynaya yardım üçün nəzərdə tutulan xüsusi hesaba köçürülərsə, ABŞ prezidentinin sanksiyaları ləğv etmək səlahiyyəti ayrıca qeyd olunur.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Maliyyə Nazirliyi Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə Rusiya neftinə tətbiq edilən sanksiyaları ləğv edə bilər.