Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT QAK-ın rəsmi açıqlamasında, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.
Məlumata görə, 21 yanvar tarixində Astanada Mahir Səfərli Qazaxıstan Xarici İşlər Nazirliyinə etimadnaməsini təqdim edib. Görüş zamanı tərəflər əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Yaxın həftələrdə yeni regional nümayəndənin Mərkəzi Asiya ölkələrində hökumət qurumları və tərəfdaşlarla görüşlərini davam etdirəcəyi, birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi üçün əlavə təmasların planlaşdırıldığı qeyd olunur.
BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.
Karyerasına əvvəlki mərhələlərində Mahir Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2016–2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.
Matias Romero İnstitutunda Azərbaycanın sülhə və regional rifaha aparan yolundan danışılıb
Azərbaycan və Litva bu il Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirəcək