Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan təhlükəsizlik strategiyası ölkənin suverenliyinin, ərazi bütövlüyünün və daxili sabitliyin qorunmasını əsas prioritet kimi müəyyənləşdirib. Məhz bu strateji xətt nəticəsində həm xarici təhdidlərə, həm də daxildən yönələn təhlükəli cəhdlərə qarşı adekvat və preventiv addımlar atılır.
Bu gün Azərbaycan Respublikasına qarşı yönələn hər hansı təhdid, təxribat və ya xəyanət cəhdi vaxtında aşkarlanır və qətiyyətlə neytrallaşdırılır. Son dövrlər üzə çıxarılan faktlar göstərir ki, dövlət institutları təhlükəsizlik, əks-kəşfiyyat və hüquqi mexanizmlər baxımından tam hazır vəziyyətdədir. Bu isə bir daha sübut edir ki, Azərbaycan dövlətinin dayaqları möhkəmdir və milli təhlükəsizlik sistemimiz real təhdidlərə qarşı çevik reaksiya vermək imkanına malikdir.
Danılmaz faktdır ki, müasir dövrdə dövlətlərin gücü təkcə silahlı qüvvələrlə ölçülmür. İnformasiya təhlükəsizliyi, daxili sabitliyin qorunması, hüquqi dövlət mexanizmlərinin işləkliyi də milli gücün əsas komponentləridir. Bu baxımdan Azərbaycan təkcə hərbi qüdrəti ilə deyil, eyni zamanda, institusional gücü, hüquqi mexanizmləri və operativ təhlükəsizlik strukturları ilə öz maraqlarını ciddi şəkildə qorumağı bacarır. Xəyanət hallarının vaxtında müəyyənləşdirilərək operativ tədbirlərin görülməsi dövlətin daxilində nəzarət mexanizmlərinin işlək olduğunu, milli maraqlara zidd fəaliyyətlərin gizli qalmasının mümkünsüzlüyünü göstərir.

Azərbaycanda xəyanətin müəyyən olunması dövlətçiliyin möhkəm dayaqlara söykəndiyini nümayiş etdirir. Bu reallıq Azərbaycana qarşı müxtəlif planlar quran dairələrə açıq mesajdır: dövlətə qarşı istənilən təhlükəli cəhd gec-tez üzə çıxacaq və layiqli cavabını alacaq. Azərbaycan öz milli maraqlarını qorumaqda qətiyyətlidir və bu xətt dəyişməz olaraq qalacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 12 fevral 2026-cı il tarixli rəsmi məlumatı Azərbaycan dövlətinə qarşı yönəlmiş təhlükəli və sistemli fəaliyyətlərin vaxtında müəyyən olunduğunu açıq şəkildə ortaya qoydu. Bu sadəcə, siyasi polemika deyil. Bu, konkret faktlar, texniki sübutlar, maliyyə axınları və xarici xüsusi xidmət orqanları ilə gizli əlaqələr əsasında aparılan istintaqın nəticəsidir.
Dövlətə xəyanət, sadəcə, hüquqi cinayət deyil, bu, xalqın taleyinə, torpağın ruhuna, şəhidlərin qanına, gələcəyin ümidinə xəyanətdir. Bu xətti keçənlər yalnız qanunu pozmur, onlar milli vicdanı tapdalayır, bir xalqın varlığına qarşı mövqe tutur. Azərbaycanın müstəqilliyi təsadüfən qazanılmayıb. Onun arxasında mübarizə, itkilər, ağrılar, qurbanlar vardır. Dövlətə arxa çevirmək məhz həmin qurbanların xatirəsinə arxa çevirməkdir. Bu, fərdi səhv deyil, bu, cəmiyyətə qarşı açıq əks mövqe, milli maraqlara xəyanətdir.
Dövlətin təhlükəsizliyi ilə oynamaq, xarici maraqların alətinə çevrilmək, informasiya müharibəsində öz ölkəsinə qarşı mövqe tutmaq – bunların hamısı eyni xəyanətin fərqli adlarıdır. Bu cür addımların “fikir azadlığı” pərdəsi altında təqdim edilməsi isə daha təhlükəlidir. Çünki azadlıq dövlətin özülünü dağıtmaq üçün alət ola bilməz.
Cəmiyyət bu məsələdə susqun qalmamalıdır. Dövlətin yanında olmaq yalnız əlamətdar anlarda şüar səsləndirmək deyil, çətin məqamda da milli mövqeyi ortaya qoymaqdır. Kənardan sifarişlə deyil, vicdanla danışmaqdır. Öz dövlətinə qarşı yönələn hər addıma prinsipial mövqe göstərməkdir.
Bu ölkənin gələcəyi şəxsi ambisiyalara qurban verilə bilməz. Dövlətin zəiflədiyi yerdə vətəndaşın gücü də yox olur. Ona görə də xəyanətə münasibət birmənalı olmalıdır: bu, siyasi mövqe yox, qırmızı xətdir. Bu xətti keçən cavab verməlidir – hüquq qarşısında, tarix qarşısında, xalqın vicdanı qarşısında.
Dövlətə sədaqət pafos deyil, milli təhlükəsizliyin əsasıdır. Bu əsası sarsıtmağa çalışanlara qarşı cəmiyyətin mövqeyi sərt, aydın və güzəştsiz olmalıdır. Burada söhbət fərziyyələrdən getmir. Dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə aparılan gizli danışıqlar, xaricdən maliyyələşmə, kütləvi iğtişaşların planlaşdırılması və dövlət institutlarına qarşı yönəlmiş ssenarilər hüquqi müstəvidə üzə çıxarılmış faktlardır. Dövlətin təhlükəsizliyi ilə “müxalifətçilik”, “fikir azadlığı” adı altında oynamaq olmaz. Dövlətin təməlinə zərbə vurmaq cəhdi artıq siyasi mübarizə yox, xəyanətdir.
Xüsusilə diqqətçəkən məqam odur ki, bu fəaliyyətlərdə xarici xüsusi xidmət strukturlarının roluna dair sübutların mövcudluğudur. Bu isə məsələni daxili siyasi çəkişmə müstəvisindən çıxarır və onu birbaşa milli təhlükəsizlik problemi səviyyəsinə qaldırır. Xarici mərkəzlərdən idarə olunan ssenarilərin məqsədi Azərbaycanı daxildən zəiflətmək, dövlət institutlarını sarsıtmaq və ölkəni xaosa sürükləməkdir. Bu cür planların vaxtında müəyyənləşdirilərək iflasa uğradılması bir daha göstərir ki, Azərbaycanda dövlət təhlükəsizliyi abstrakt anlayış deyil, real təhlükələrə qarşı real mübarizədir. Göstərilən etimadı satanlar dövlətə ləkədir. Dövlətimizdə xəyanətə yer yoxdur.
Bu faktlar fonunda cəmiyyətdə süni “qaranlıq nöqtələr” yaratmağa çalışanlar, mövzunu şübhə altına alanlar və ya məsələni siyasiləşdirərək manipulyasiya edənlər ya məsuliyyətsiz davranır, ya da qəsdən çaşdırma aparırlar. Dövlət təhlükəsizliyi məsələsində tərəfsiz mövqe olmur. Ya dövlətin yanındasan, ya da dövlətin təhlükəsizliyinə qarşı qurulan ssenarilərə dolayısı ilə xidmət edirsən.
Azərbaycan dövləti tarixinin ən həssas dönəmlərindən keçərək bu gün regional gücə çevrilib. Bu gücün arxasında güclü dövlətçilik iradəsi, sabitlik və təhlükəsizlik dayanır. DTX-nin üzə çıxartdığı faktlar bir daha sübut edir ki, bu sabitliyi pozmaq istəyən qüvvələr hələ də mövcuddur və onların qarşısının alınması dövlətçiliyin qorunmasının ayrılmaz hissəsidir.
Bu gün susmaq tərəfsizlik deyil, bu gün susmaq təhlükəyə göz yummaqdır.
Bu gün mövqe bildirmək dövlətin yanında durmaqdır.
Azərbaycan dövlətinə qarşı xəyanətin üstü açılıb.
Bu fakt qarşısında cəmiyyətin mövqeyi də aydın olmalıdır: dövlətin yanındayıq. Nöqtə.
Sara ƏZİMOVA,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı, çevik və effektiv tərəfdaşlıq modelinə çevrilir
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır
Cey.Di.Vensin Bakıya səfəri: Azərbaycan- Amerika münasibətlərində yeni perspektivlər