13 fevral 2026 09:16
115

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

Prezident İlham Əliyev sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bildirdi ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

Prezident İlham Əliyevin çıxışlarında daim bu məqam xüsusi vurğulanır ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.

Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bu reallıqlara diqqət yönəldildi. Rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə ediləcəyini önə çəkən cənab İlham Əliyev buna ehtiyac olduğunu belə əsaslandırdı ki, bu, gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə beynəlxalq şirkətlərlə əlaqələrimizi, böyük təcrübəmizi və bir çox ölkələrlə nəhəng layihələr icra etməyimizi vurğulayaraq bildirdi ki, bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. “Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir” çağırışını edən Prezident İlham Əliyev onu da vurğuladı ki, bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.

Cənab İlham Əliyev bir çox üstünlüklərimizin olduğunu, onlardan biri biri kimi coğrafi vəziyyətimizi qeyd etdi. “Bu, bizdən asılı olmayan üstünlükdür” söylədi və vurğuladı ki, ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub Dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafını təmin edən əsas faktorlardan biridir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı mühüm Dövlət proqramlarının uğurlu icrası ilə reallığa çevrildi. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də diqqətdədir, bu sahəyə investisiya axını sürətlənir. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayələrin 200 milyard dollaı qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xarici sərmayələr qorunur. Bunu həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var: “30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.”

Üstünlüklərimizdən biri də son illər ərzində aparılan işlər nəticəsində öz enerji generasiya gücümüzü böyük dərəcədə artırmağımızdır. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Dövlətimizin başçısı vurğuladı ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır: “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.”

Cənab İlham Əliyev müşavirədə bu məqamı da vurğuladı ki, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyük enerji güclərini tələb edir. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurulduğu, bir neçə aparıcı şirkətlə danışıqlar aparıldığı, ölkəmizin imkanlarının onlara təqdim edildiyi diqqətə çatdırıldı. Eyni zamanda, dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Cənab İlham Əliyev bildirdi ki, konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir.

 Qeyd edək ki, Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın “İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur” bölməsində qeyd edilir ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədir, qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır. Hər iki ölkə AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycanda özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər. Həmçini o da vurğulanır ki, Azərbaycan və ABŞ uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektorəsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər. Dövlətimizin başçısı müşavirədə bildirdi ki, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Ötən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalanmasına da diqqəti yönəldən cənab İlham Əliyev vurğuladı ki, biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Bu, bizim üstünlüyümüzdür: “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik.”

 Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı uğurlarımıza baxış əsasında qarşımızda dayanan hədəflərlə də diqqətdə olur. Sözügedən müşavirə bu baxımdan xüsusi diqqətdə oldu. Cənab İlham Əliyev bu çağırışı səsləndirdi ki, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalı və Prezidentə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.

 Son illərdə müxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlərin işlənib hazırlandığı qeyd edildi. Onların tədricən ləğv edilməsinin vacibliyi vurğulandı. “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.

Kadr hazırlığı da prioritet məsələlər sırasındadır. Cənab İlham Əliyevin çıxışlarında kadr hazırlığının ölkənin inkişafı ilə uyğunlaşdırılmasının vacibliyi daim önə çəkilir. Təbii ki, müasir dövrün çağırışlarından, dayanıqlı inkişafın təmin edilməsindən bəhs ediriksə, bu, kadr hazırlığının vacibliyini önə çəkəcək. Ölkəmizdə bu istiqamətdə atılan addımlar göz qabağındadır. Prezident İlham Əliyev təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərilməsinə çağırış etdi: “Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.”

 Süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət alması əsas hədəflərdən biri oldu. Dövlətimizin başçısı vurğuladı ki, bu gün bu sahədə aparıcı ölkələrdə belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər. Çağırışlardan biri də kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir.

 Göründüyü kimi, Azərbaycanın dayanıqlı inkişafını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev hər bir sahəni nəzarətdə saxlayır. Bu gün Azərbaycan yenilikləri ilə dünyanın diqqətindədir. Hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Çağırışların mahiyyətində də bu məqam əsas yer tutur ki, hər bir yeni təcrübə ölkəmizdə tətbiq olunmalıdır. Ölkəmizin istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlarda əlaqlərinin inkişafına diqqət yetirsək daim yeni prioritetlərin müəyyənləşdirilməsinə xüsusi önəm verdiyini görərik. İmzalanan sənədlər də bunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi “Bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər indi siz tərəfdən də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək” fikirləri özündə bütün məqamları, hədəfləri, məqsədləri ehtiva edir. Tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallaqları ilə dünyanın diqqətində olan Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini genişləndirməklə bərabər, yeni dostlar qazanır, körpülər qurur. Azərbaycan sözün əsl mənasında əməkdaşlıq, dostluq, həmrəylik məkanıdır.

Yeganə Əliyeva, “İki sahil”