12 fevral 2026 20:07
148

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

“İki sahil” xəbər verir ki, ADAU rəhbərliyi ilə görüşdə Elmar Qasımov iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq imkanını vurğulayıb və qeyd edib ki, müasir texnologiyaların, mühəndislik həllərinin və innovativ yanaşmaların aqrar sahəyə inteqrasiyası məhsuldarlığın artırılması və dayanıqlı inkişafın təmin olunmasında əsas rol oynayır.

ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, müasir dövrdə ali təhsildə sənaye-universitet əməkdaşlığı dayanıqlı inkişafın əsas şərtlərindən biridir və ADAU bu istiqamətdə BANM ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Daha sonra ADAU ilə BANM arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, birgə konfrans, simpozium və elmi seminarların təşkili, kadr potensialının inkişafı, ortaq layihələrin hazırlanması, hər iki universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə qarşılıqlı master-klasların təşkili nəzərdə tutulub.

Görüşdən sonra BANM-in nümayəndə heyəti ADAU-nun laboratoriyaları, heyvandarlıq mərkəzi, maşın-traktor parkı və Tələbə evində olub.

Səfər çərçivəsində, həmçinin Elmar Qasımov Universitetin onlayn televiziyası ADAU TV-yə müsahibə verib.

Daha sonra Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.