13 fevral 2026 17:39
146

Nizami rayonunda “Lider qadınlar platforması” layihəsinin açılış tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin açılış tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideya və gələcək fəaliyyəti ilə bağlı məlumat veriblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Diqqətə çatdırılıb ki, respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.

Əlavə edilib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Çıxışlardan sonra müzakirələr keçirilib, müxtəlif ideya və layihələr barədə fikir mübadiləsi aparılıb.

Açılış tədbirinə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Zamin Məmmədov, "İki sahil"