Serbiya-Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün imkanlar yaradır.
“İki sahil” xəbər verir ki, bunu "Blic TV"yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Prezidentimizin qarşıdan gələn səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurası iclasının keçirilməsi planlaşdırılır. Həmin iclasda əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq, xüsusi diqqət iqtisadiyyat, investisiyalar, energetika və biznes əlaqələrinə yönəldiləcək", - deyə o bildirib.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan və Serbiya Prezidentləri arasında dostluq və dialoq çox mühüm əhəmiyyətə malikdir:
"Eyni zamanda, xalqlar arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ölkələrimiz Qafqaz və Balkan kimi strateji regionlarda yerləşir və hesab edirik ki, Serbiya–Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün regional imkanlar yaradır".