15 fevral 2026 12:24
103

Rubio Slovakiya və Macarıstana səfər edəcək

ABŞ Dövlət katibi Marko Rubio bu gün enerji əməkdaşlığı və NATO öhdəlikləri daxil olmaqla, ikitərəfli məsələləri müzakirə etmək üçün Slovakiyaya, ardınca isə Macarıstana səfər edəcək.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) digər üzv dövlətlərinin başçılarından fərqli fikirlərə sahib bu ölkələrin liderləri ABŞ Prezidenti Donald Trampla yaxşı münasibət saxlayırlar.

"Bunlar bizi güclü şəkildə dəstəkləyən, Birləşmiş Ştatlarla çox sıx əməkdaşlıq edən ölkələrdir və bu, əvvəllər heç vaxt olmadığım iki ölkəyə baş çəkmək üçün yaxşı fürsətdir", - deyə Rubio jurnalistlərə bildirib.

Trampın milli təhlükəsizlik üzrə müşaviri funksiyasını da yerinə yetirən Rubio bazar günü Bratislavada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşəcək. Amerika diplomatının səfəri Münxen Təhlükəsizlik Konfransında iştirakından sonra baş tutur.

Bazar ertəsi Rubionun Budapeştdə Macarıstan lideri Viktor Orbanla görüşəcəyi gözlənilir.