16 fevral 2026 08:41
108

Salvadorda ölkə tarixində rekord miqdarda kokain ələ keçirilib

Salvadorun Hərbi Dəniz Qüvvələri Sakit Okeanda ölkə tarixində ən böyük narkotik vasitələri daşıyan, 6,6 ton ağırlığında və 165 milyon dollar dəyərində gəmini ələ keçirib.

“İki sahil” xəbər verir ki, Prezident Nayib Bukele bu barədə "X" sosial media platformasında yazıb.

"Hərbi Dəniz Qüvvələrimiz Salvador tarixində ən böyük narkotik vasitələri müsadirə edib. Sahilimizdən 380 dəniz mili (703,7 km) cənub-qərbdə 6,6 ton ağırlığında 330 kisə kokaini daşıyan FMS EAGLE çoxməqsədli təminat gəmisi ələ keçirilib", - dövlət başçısı yazıb.

Prezidentin sözlərinə görə, müsadirə edilən yükün dəyəri təxminən 165 milyon dollar qiymətləndirilir. 54 metr uzunluğundakı gəmi Tanzaniya bayrağı altında üzüb. Narkotik vasitələr ballast çənlərində gizlədilib və onları aşkarlamaq üçün hərbi dalğıcları cəlb etmək lazım gəlib.

Əməliyyat zamanı gəmidə olan on nəfər: dörd kolumbiyalı, üç nikaraqualı, iki panamalı və bir ekvadorlu saxlanılıb. Bukele həmçinin narkotik qaçaqmalçılarına yeni gəmiyə görə təşəkkür edib.