Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı ənənəvi olaraq həm yerli, həm də qlobal medianın diqqət mərkəzindədir. Bu marağın bariz təsdiqi Azərbaycan liderinin France 24 telekanalına verdiyi müsahibə oldu. Dövlət başçısı bu müsahibədə aktual beynəlxalq gündəm və Cənubi Qafqazdakı vəziyyət barədə dərin baxış bucağını təqdim etdi. Söhbətdə Fransa ilə əlaqələrin hazırkı vəziyyətinin təhlili xüsusi yer tutdu. İlham Əliyev birbaşa qeyd etdi ki, son illərdə ikitərəfli dialoqun tənəzzülü Yelisey sarayının yeritdiyi kursun birbaşa nəticəsidir. Dövlət başçısı vurğuladı: Azərbaycan bu gərginliyin təşəbbüskarı olmayıb!
Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib ki, iki ölkə arasındakı münasibətlərin soyumasının əsas səbəbləri rəsmi Parisin Qarabağdakı separatçı meyillərə açıq dəstəyi, Fransa parlamentinin bir sıra qərəzli anti-Azərbaycan qətnamələri qəbul etməsi və tanınmamış qondarma qurumunu legitimləşdirmək üçün uğursuz cəhdləri oldu ki, bu da, ilk növbədə, Fransanın öz nüfuzuna xələl gətirdi. Buna baxmayaraq, Prezident müsahibədə "imkanlar pəncərəsi"ndən də bəhs edərək, ötən il Emmanuel Makronla keçirilən görüşün konstruktiv xarakterini və münasibətlərin bərpa olunmasına hazırlığın ifadə olunduğunu qeyd etdi.
Deputatın sözlərinə görə, bu müsahibəni dünya səviyyəli siyasət üzrə bir növ "ustad dərsi" kimi qiymətləndirmək olar: "Azərbaycan Prezidenti Fransa diplomatiyasının sistemli yanlışlıqlarını və səhvlərini arqumentlərlə və təmkinlə nümayiş etdirdi. İlham Əliyevin ətraflı izahatlarından aydın olur ki, Makronun siyasəti bir çox hallarda məntiqdən və strateji əsaslandırmadan məhrum idi. Paris separatizmi dəstəkləməyə çalışarkən, Bakının sərt reaksiyası təkcə gözlənilən deyil, həm də yeganə doğru və hüquqi cəhətdən əsaslandırılmış cavab idi".
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin "İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik" tezisi isə diplomatik böhrandan çıxış üçün fundamental üsul kimi səslənir.
Sonda deputat vurğulayıb ki, Azərbaycan Prezidenti konstruktiv dialoqun bərpası üçün şərtləri dəqiq müəyyənləşdirdi və Yelisey sarayı tez-tez müstəqil dövlətlərin işlərinə müdaxilə yolunu seçdiyi halda, rəsmi Bakı qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan praqmatik münasibətlər modelini təklif edir.