16 fevral 2026 12:03
90

Böyük Britaniya azyaşlıların smartfon istifadə etməsinə nəzarəti gücləndirir

Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın aylar ərzində uşaqların və yeniyetmələrin smartfon istifadəsinə qarşı sərt tədbirlər görüləcəyini vəd edib.

“İki sahil” xəbər verir ki, məqsəd onların internet mühitində təhlükəsizliyini gücləndirməkdir.

Təklif olunan islahatlara sosial şəbəkələr üçün minimum yaş həddinin müəyyən edilməsi və “sonsuz sürüşdürmə” funksiyasına məhdudiyyətlərin tətbiqi daxildir. Hökumət hesab edir ki, bu mexanizmlər uşaqların platformalarda həddindən artıq vaxt keçirməsinə səbəb olur.

Hökumətin məsləhətləşmə sənədində yer alan digər təkliflərə əsasən, uşaqların qadağan olunmuş məzmuna çıxış əldə etmək üçün virtual özəl şəbəkələrdən (VPN) istifadə etməsinin qarşısı alına bilər. Eyni zamanda, azyaşlıların onlayn süni intellekt çatbotları ilə ünsiyyətinə də məhdudiyyət qoyulması nəzərdən keçirilir. Nazirlər yaxın aylarda məsləhətləşmənin nəticələrinə əsasən operativ qərarlar qəbul etmək üçün əlavə səlahiyyətlərin tətbiqi istiqamətində addımlar atırlar. Bundan əvvəl isə hökumət mövcud hüquqi boşluğu aradan qaldıraraq bütün süni intellekt çatbotu təminatçılarını Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində fəaliyyət göstərməyə məcbur edəcək. Qanunu pozan platformalar hüquqi məsuliyyətlə üzləşəcək.

Baş nazir bildirib ki, uşaqların onlayn təhlükəsizliyi məsələsində heç bir platformaya güzəşt edilməyəcək.