16 fevral 2026 12:11
99

ABŞ-İran danışıqlarının növbəti raundu fevralın 17-də Cenevrədə keçiriləcək

ABŞ-İran danışıqlarının növbəti raundu fevralın 17-də Cenevrədə keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə İran XİN-in məlumatında bildirilir.

“İki sahil” xəbər verir ki, İran XİN-in “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir: “İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqlar çərşənbə axşamı günü Omanın vasitəçiliyi ilə keçiriləcək”.

Amerika nümayəndə heyətinin tərkibində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin olacağı gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edəcək. Mənbələrə görə, Omanın xarici işlər naziri Bedr bin Hamed əl-Busaidi danışıqlarda vasitəçi kimi iştirak edəcək.

ABŞ və İran nümayəndələri arasında danışıqların ilk mərhələsi Omanın paytaxtı Maskatda baş tutub. IRNA-nın məlumatına görə, görüşdə regional təhlükəsizlik, raket proqramları və digər mövzular müzakirə olunmayıb.

Omanın xarici işlər naziri bildirib ki, görüşdə hər iki tərəfin mövqeləri aydınlaşdırılıb və gələcək irəliləyiş üçün mümkün sahələr müəyyən edilib.

Danışıqlar ötən il baş verən gərginlikdən bəri bu səviyyədə ilk birbaşa diplomatik əlaqə olub. Həmin gərginlik İsrail ilə İran arasında 12 günlük münaqişə zamanı ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri nəticəsində yaranıb. Bu danışıqlar hərbi eskalasiya şəraitində davam edən təhdidlər, Vaşinqton və Tehranın sərt bəyanatları fonunda aparılır.