16 fevral 2026 12:31
100

Japarov: "Qırğızıstanda dövlət çevrilişi üçün heç bir zəmin yoxdur"

Qırğızıstanda dövlət çevrilişi üçün heç bir zəmin yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə Prezidenti Sadır Japarov "Kabar" dövlət agentliyinə müsahibəsində bildirib.

"Ölkədə dövlət çevrilişinə gətirib çıxara biləcək vəziyyət yoxdur və əgər bir sutkada 24 saat varsa, mən onun 20 saatını işləyirəm. Mən hər şeyi izləyir və müşahidə edirəm. Əgər nəsə düzgün deyilsə, dərhal müvafiq nazirlərə, akimlərə və qubernatorlara bunu düzəltmək üçün göstərişlər verirəm. Heç bir çevriliş və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanunlar buna yol vermir, ikincisi isə belə bir vəziyyət mövcud deyil", - o deyib.

Japarov qeyd edib ki, Qırğızıstanın "şimala və cənuba" bölünməsinə yol verməyəcək.

"Müstəqillik qazandıqdan sonra siyasətçilərimiz şəxsi maraqlar naminə ölkəni daim şimala və cənuba bölürdülər. Mən 2005-ci ildə siyasətə gələndə gördüm ki, hökumətin yarısı cənubdan, yarısı isə şimaldandır. O zaman özümə söz verdim: prezident olsam, Qırğızıstanı bu xəstəlikdən sağaldacağam", - o vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, 2021-ci ildən hakimiyyət dairələrində bölünmə aradan qalxmağa başlayıb: akimlərin, hakimlərin, Dövlət Milli Təhlükəsizlik Komitəsi, DİN və prokurorluq əməkdaşlarının rotasiyası aparılıb.