Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirədə çıxış etmişdir. Çıxışında cənab İlham Əliyev müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə ediləcəyini bildirdi. Bu məsələnin gələcək inkişafı böyük dərəcədə şərtləndirəcəyini qeyd etdi. Cənab Prezident çıxışına davam edərək bildirdi ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Müşavirədə bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmizin, beynəlxalq şirkətlərlə olan əlaqələrimizin, böyük təcrübəmiz və bir çox ölkələrlə nəhəng layihələri icra etməyimiz qeyd olundu. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
Qeyd etdiyim kimi, transmilli böyük şirkətlərlə iş təcrübəmiz - bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. Deyə bilərəm ki, burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlüyümüz ondan ibarətdir ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu və son vaxtlar da bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirdi. Qeyd etdi ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Prezidenti cənab İlham Əliyev çıxışına davam edərək daha sonra bildirdi ki, özəl sektora eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik, bu barədə də təkliflər veriləcək.
Eyni zamanda, bizim Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri