16 fevral 2026 19:25
133

Vətən yolunda şəhid olmaq səadəti

Biləsuvar rayonunun Əsgərabad kəndində boya-başa çatan İlkin İslam oğlu Abıyev cəmi 25 il bu işıqlı dünyada yaşadı. Qaldı ki, 44 günlük haqq savaşımızda öz canını Vətən torpağına fəda etməklə ölümsüzlük qazandı. Yəni ki, torpağa gömülmədi, köç etdiyi yer könüllər oldu, adı zamanın yaddaşına yazıldı. Vətən sevgisi onun əbədiləşən şərəfli ömrünə sanki bir müqəddəslik qatdı, pak ruhunu əlçatmaz göylərə yüksəldi. Cismən bu həyatdan getsə də, bütün Azərbaycan xalqının qəlbində əbədiyaşar iz qoymaqla qürur yerinə çevrildi.

Vətəninə, millətinə şöhrət olan, şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən diri olan İlkin İslam oğlu doğma Əsgərabad kənd tam orta məktəbini bitirib, 2013-cü ildə ordu sıralarına gedib. Göygöl rayonunun Toğana kəndində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Canında, qanında mərdlik, cəngavərlik ruhu olan İlkin qısa zaman kəsiyində zabitlərin, əsgərlərin hörmətini qazanıb. Doğma Azərbaycana ürəkdən bağlılığını, xalqına gərəkli övlad olduğunu gördüyü işlərlə sübut edə bilib. Aldığı bütün tapşırıqlarda Vətən, torpaq sevgisi həmişə ona uğur gətirib. 2015-ci ildə layiqli bir oğul kimi əsgəri borcunu şərəflə yerinə yetirib. Əsir Qarabağımızı nəyin bahasına olursa-olsun tezliklə mənfur düşmən tapdağından azad etmək məqsədilə gələcək həyatını hərbiyə bağlayıb. 2017-ci ilin oktyabr ayından Daşkəsəndə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş rütbəsində elə məqsədinə çatmaqdan ötrü hər an Ali Baş Komandanın əmrini gözləyib. Səngərə, erməni dığalarına qarşı döyüşə can atan İlkin təlimlərdə fəal iştirak edib, çətin əməliyyatlarda belə fədakarlıq, mərdlik göstərib.

2020-ci ilin 27 sentyabrda 30 il əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda başlanan müharibədə İlkin Abıyev ən ağır, gərgin döyüşlərə girib. Ön sıralarda olmaqla dığalara qarşı qəzəblə vuruşub. Qorxmadan, çəkinmədən güllə yağışı altında irəli atılıb yağıya qan qusdurub. Ürəyində Vətən sevgisi, ruhunda azadlıq eşqi Murovdağ istiqamətində gedən ən ağır müharibədə əsl qəhrəmanlıq nümunəsini göstərib. Vurduğu zərbələrlə düşmənin sıralarını sarsıdıb, onu tam məhv etmək üçün sonadək vuruşub. Özü qəhrəmancasına şəhid olsa da, Vətən torpağın bağrina daha bir zəfər bayrağı sancılıb. Adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan Biləsuvar elinin igid oğlu İlkin Abıyev həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallarla təltif olunub.

Zəfər şəhidi İlkin Abıyevin qəhrəmanlığı dastana dönüb dillərdən düşmür. Bəli, Vətən, torpaq uğrunda can qoyanlar əbədi yaşayır, hər gələn nəsillərə də örnək olurlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü