ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing WC-135R Constant Phoenix tipli reaktiv təyyarə Böyük Britaniya sahillərinə yaxınlaşarkən fövqəladə vəziyyət siqnalı göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə "North Norfolk News" qəzeti məlumat yayıb.
Məlumata görə, hərbi təyyarə Norfolk sahilləri yaxınlığında 7700 kodu ilə siqnal ötürüb. Aviasiyada bu kod ümumi fövqəladə vəziyyət anlamına gəlir və ekipajın təcili yardım və ya prioritet enişə ehtiyacı olduğunu göstərir.
Nəşr qeyd edir ki, hadisənin detalları və fövqəladə vəziyyətin səbəbi hələlik açıqlanmayıb.
Bundan əvvəl uçuş məlumatlarının təhlili ABŞ-ın sualtı qayıqlara qarşı istifadə olunan kəşfiyyat təyyarəsinin Rusiyanın cənub regionları yaxınlığında, Qara dəniz akvatoriyası üzərində uzunmüddətli müşahidə uçuşu həyata keçirdiyini göstərmişdi.
Fevralın 2-də isə Böyük Britaniyaya məxsus Boeing RC-135W Rivet Joint və ABŞ-ın Saab 340B ISR kəşfiyyat təyyarələrinin Kalininqrad vilayəti yaxınlığında hava məkanında qeydə alındığı bildirilmişdi.