17 fevral 2026 23:47
100

Rusiya Ukraynadakı ABŞ şirkətlərinə məqsədyönlü şəkildə hücum edir

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanı ölkədəki ABŞ biznesi ilə əlaqəli obyektlərə məqsədyönlü hücumlarda ittiham edib.

“İki sahil” xəbər verir ki, Sibiqa bu barədə "X" sosial media hesabında paylaşım edib.

"Rusiya Ukraynadakı ABŞ müəssisələrinə, o cümlədən Kiyevdəki "Boeing" ofisinə, Mukaçevodakı "Flex" zavoduna və Dneprdəki "Bunge" istehsalatına qəsdən zərbələr endirir. Ruslar təkcə Ukrayna xalqına deyil, həm də amerikalı vergi ödəyicilərinə hücum edirlər. Bütün bu zərbələr ABŞ iqtisadiyyatına vurulan zərbələr idi", - Sibiqa qeyd edib.

O, Amerika Ticarət Palatasının məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsi dövründə Ukraynadakı ABŞ şirkətlərinin 47 %-nin Rusiya zərbələrindən zərər çəkdiyini, 57 %-də əməkdaşların yaralandığını, 38 %-də isə işçilərin öldüyünü bildirib.

Nazirin sözlərinə görə, belə hücumlar göstərir ki, Kremlin iqtisadi əməkdaşlıqla bağlı guya cəlbedici təklifləri vaxt qazanmaq və ABŞ-nin Avropadakı təsirini zəiflətmək üçün sadəcə bir pərdədir.