Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla” layihəsinin bağlanış mərasimində iştirak edib.
“İki sahil” xəbər verir ki, ombudsman tədbirdə çıxış edərək uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uşaqların hüquq və azadlıqlarının təmin edilməsi siyasəti bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, uşaqlar üçün təhlükəsiz və sağlam mühitin yaradılması, onların hərtərəfli inkişafının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Müvəkkil Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüs və dəstəyi ilə uşaqların rifahının yüksəldilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələrin icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil, səhiyyə və sosial infrastruktur obyektlərinin inşası və əsaslı bərpası uşaqların keyfiyyətli xidmətlərə çıxış imkanlarını daha da genişləndirir.
Ombudsman uşaq hüquqlarının müdafiəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu, uşaq hüquqlarının pozulması ilə bağlı müraciətlərin operativ qaydada araşdırıldığını və monitorinqlərin həyata keçirildiyini bildirib. Eyni zamanda, paytaxt və regionlarda uşaqların, valideynlərin və bu sahədə çalışan mütəxəssislərin hüquqi biliklərinin artırılması məqsədilə geniş maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib.
Çıxış zamanı, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsində, eləcə də “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın layihəsində Ombudsman tərəfindən təqdim edilmiş təkliflərin nəzərə alındığı bildirilib.
Ombudsman layihənin əhəmiyyətini vurğulayaraq, dövlət orqanları, özəl qurumlar və vətəndaş cəmiyyəti institutları arasında səmərəli koordinasiyaya, habelə uşaqların hüquqlarının daha effektiv təmininə töhfə verdiyini diqqətə çatdırıb.
Sonda Ombudsman uşaqlara müraciət edərək onların yalnız hüquqlarını deyil, eyni zamanda, cəmiyyət qarşısında vəzifələrini də bilmələrinin vacibliyini vurğulayıb, onlara təhsildə uğurlar arzulayıb və daha sağlam, təhlükəsiz cəmiyyətin qurulmasına birgə dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, RİİB-in “Hüquqlarınla parla” layihəsi çərçivəsində tərəfdaş dövlət orqanlarının nümayəndələri ilə birlikdə Ombudsman Aparatının əməkdaşları da ekspert qismində ölkəmizin şəhər və rayonlarda təşkil olunmuş tədbirlərdə iştirak ediblər.
Sonda layihə çərçivəsində fəallığı ilə seçilən məktəblilər mükafatlandırılıb.