Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçı "Zirə" və "Turan Tovuz" komandaları arasında olacaq. "Azərsun Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq. “Qartallar” hazırda turnir cədvəlində 35 xalla 3-cü, tovuzlular isə 34 xalla 4-cü pillədədir.
Günün ikinci oyununda "Sumqayıt" evdə "Qəbələ”nin qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 19:30-da start götürəcək. Meydan sahibləri 30 xalla 5-ci, bölgə təmsilçisi isə 14 xalla 10-cu yerdədir.
Qeyd edək ki, turun növbəti oyunları fevralın 21-22-də keçiriləcək.