20 fevral 2026 19:49
103

“Şüşə kimi dəri” effekti necə əldə olunur?

Cənubi Koreya qadınlarının dəriyə qulluq sirləri

Cənubi Koreyada formalaşan və dünyada “şüşə dəri” kimi tanınan hamar, ləkəsiz və parlaq dəri görünüşü son illər qlobal gözəllik trendlərinin mərkəzinə çevrilib. Mütəxəssislər bildiriblər ki, bu effekt təkcə genetik faktorlarla deyil, nizamlı və çoxmərhələli dəriyə qulluq sistemi ilə əlaqəlidir. Xüsusilə Cənubi Koreya mənşəli gözəllik sirləri sadə, lakin ardıcıl tətbiq olunan üsullara əsaslanır.

Dermatoloqlar qeyd ediblər ki, Koreya mənşəli dəriyə qulluq sistemində əsas fərq təmizləmə mərhələsindən başlayır. Bir çox insanlar makiyajı miselyar su ilə təmizlədiyi halda, koreyalı qadınlar su ilə yuyulan yağ əsaslı təmizləyicilərə üstünlük verirlər. Bu üsul üz dərisini qurutmadan makiyajı və gün ərzində toplanan kirləri həll etməyə imkan verir. Ardınca dəri tipinə uyğun köpük və ya gel tərkibli yuyucu vasitə tətbiq olunur ki, bu iki mərhələli təmizləmə adlanır. Bu sistem məsamələrin dərindən təmizlənməsinə və artıq yağın aradan qaldırılmasına kömək edir.

Koreya mənşəli gözəllik rutininin geniş yayılan metodlarından biri də “4-2-4” sistemidir. Bu üsula əsasən, əvvəlcə 4 dəqiqə ərzində yağ əsaslı təmizləyici ilə üzə masaj edilir. Daha sonra 2 dəqiqə köpük və ya gel ilə təmizləmə aparılır. Son mərhələdə isə üz 4 dəqiqə su ilə yuyulur: 2 dəqiqə ilıq, 2 dəqiqə isə sərin su ilə. Mütəxəssislərin fikrincə, bu üsul qan dövranını stimullaşdırır və dərinin daha canlı görünməsinə şərait yaradır.

Onların ənənəvi qulluq vasitələrindən biri isə düyü əsaslı maskalardır. Koreyada düyü əsrlərdir dəri baxımında istifadə olunur. Tərkibindəki vitaminlər və antioksidantlar dərinin tonunu bərabərləşdirməyə və parlaqlığını artırmağa kömək edir. Düyü maskası adətən düyü unu və ya düyü suyu ilə hazırlanır.

Hazırlanma qaydasında əvvəlcə düyü yaxşıca yuyulur, sonra 15-20 dəqiqə suda qaynadılır. Düyü yumşaldıqdan və suyun rəngi dəyişdikdən sonra süzülür, əldə edilən maye soyudulur. Soyuduqdan sonra pambıq vasitəsilə üz və boyun nahiyəsinə tətbiq olunur, 15-20 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Mütəxəssislər qeyd ediblər ki, hər bir dəri tipi fərqli reaksiya verə biləcəyi üçün yeni vasitələr tətbiq olunmazdan əvvəl həssaslıq və ya allergiya testi aparılması məqsədəuyğundur.

Gözəllik mütəxəssisləri vurğulayıblar ki, sağlam və parlaq dəri üçün əsas şərt davamlılıq, düzgün təmizləmə, kifayət qədər nəmləndirmə və günəşdən qorunmadır. “Şüşə dəri” effekti qısamüddətli deyil, planlı və sistemli qulluğun nəticəsi kimi qiymətləndirilir.

Şahnigar Əhmədova, “İki sahil”