20 fevral 2026 23:12
112

Yaponiya hökuməti parlamentə rekord büdcə layihəsi təqdim etdi

Yaponiya hökuməti aprel ayında başlayacaq növbəti maliyyə ili üçün parlamentə rekord həcmli büdcə layihəsi təqdim edib.

“İki sahil” xəbər verir ki, Baş nazir Sanae Takaichinin rəhbərlik etdiyi hökumətin təklif etdiyi büdcənin ümumi dəyəri 122,3 trilyon yen (təxminən 789 milyard ABŞ dolları) təşkil edir. Müqayisə üçün qeyd edək ki, cari maliyyə ilinin büdcəsi 115,2 trilyon yen olub.

Layihəyə əsasən, xərclərin 30 faizindən çoxu sosial təminat sahəsinə yönəldiləcək. Büdcənin təxminən dörddə biri isə dövlət istiqrazlarının geri alınması və faiz ödənişlərinə sərf olunacaq. Faiz dərəcələrinin artması borc xidmətinə çəkilən xərclərin də yüksəlməsinə səbəb olur.

Sənəddə vergi daxilolmalarının rekord səviyyəyə – 83 trilyon yenə (540 milyard dollar) çatacağı proqnozlaşdırılır.

Bundan əlavə, müdafiə xərcləri də rekord həddə – 9,04 trilyon yen (təxminən 58 milyard dollar) məbləğində nəzərdə tutulub.

“İnsanların gündəlik həyatında heç bir pozuntu olmamasını təmin etmək üçün martın sonuna qədər büdcə layihəsini qəbul etmək istəyirik”, – deyə Yaponiyanın maliyyə naziri Katayama Satsuki bildirib. Nazir əlavə edib ki, hökumət qanun layihəsinin ətraflı izahını parlament müzakirələri zamanı təqdim edəcək.

Nazirlər Kabineti növbəti maliyyə ilində ölkə iqtisadiyyatının 1,3 faiz artacağını proqnozlaşdırır. Cari maliyyə ili üçün bu göstərici 1,1 faiz müəyyən edilib.