20 fevral 2026 23:49
120

Almaniya XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ABŞ tərəfindən mümkün aviazərbə təhlükəsi ilə əlaqədar vətəndaşlarını İranı tərk etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bunu Almaniya xarici siyasət idarəsinin nümayəndəsi jurnalistlərə bəyan edib.

"Məhdud olsa da, hələlik kommersiya reysləri, İranla qonşu ölkələrə hava əlaqəsi mövcuddur, quru yolu ilə çıxış da mümkündür", - o deyib.

Diplomat vəziyyətin gərginləşməsi halında konsulluq yardımı göstərməyin praktiki olaraq mümkünsüzlüyünə diqqət çəkib.

ABŞ Tehranı əlverişli nüvə sazişi şərtlərinə razı salmaq üçün İranın hərbi və hökumət obyektlərinə məhdud zərbə endirmək imkanını nəzərdən keçirir, bununla da genişmiqyaslı hücumdan qaçmağa çalışır. Daha əvvəl bu məlumatı "Reuters" agentliyi mənbələrə istinadən yayıb. Onların məlumatına görə, belə bir zərbə bir neçə gün ərzində endiriləcək. "CBS" telekompaniyasının iddiasına görə, əməliyyat fevralın 21-də başlaya bilər.