Azərbaycan Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20–21 fevralda 16-17 yaş arası idmançıların qapalı məkanda ölkə birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, iki gün davam edən yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 200-ə yaxın atlet mübarizə aparıb.
Birincilikdə Naxçıvan Muxtar Respublikasını “Ordubad” komandası təmsil edib. Komandanın heyətində baş məşqçi Əmrah Nağıyev və 7 idmançı yer alıb. Naxçıvan təmsilçiləri yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq uğurlu nəticəyə imza atıblar.
Namiq Babayev növbəti dəfə ardıcıl qələbələrə nail olaraq iki qızıl medal qazanıb. Belə ki, istedadlı atlet 800 və 1500 metr məsafədə finiş xəttini birinci keçərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aysel Hüseynova 3000 metrdə gümüş, Rüqeyya Məmmədli isə eyni məsafədə bürünc medal qazanıb.