22 fevral 2026 11:13
104

Çin yeni nəsil nüvə silahı hazırlayır?

ABŞ xüsusi xidmət orqanları Çinin yeni nəsil nüvə silahı hazırladığını və nüvə arsenalının yenilənməsi çərçivəsində artıq ən azı bir sınaq keçirdiyini hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin iddiasına görə, nüvə arsenalına yatırılan investisiyalar sayəsində Çin dominant nüvə dövlətlərinin heç birində olmayan texniki imkanlara malik ola bilər.

Nəşr bildirir ki, Çinin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbində yerləşən Lop-Nur poliqonunda sınaq keçirdiyi və bununla da 1996-cı ildə tətbiq olunmuş moratoriumu pozduğu güman edilir. ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, bu sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq istəyindən irəli gəlib.

Ehtimallara görə, Çin heç vaxt istehsal etmədiyi gücü az olan taktiki nüvə silahı da hazırlaya bilər.