Amerikalı maliyyəçi Jeffrey Epştein ABŞ-ın müxtəlif ştatlarında altı gizli anbar icarəyə götürərək cinayətlərinə dair materialları gizlədib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph nəşri yazır.
Qəzetin istinad etdiyi məhkəmə materiallarına görə, həmin anbarlarda fotoşəkillər və cinayət sübutları saxlanılan kompüterlər yerləşdirilib. Bildirilir ki, istintaq orqanları bu məkanlarda axtarış aparmayıb. Bu isə iş üzrə hələ də araşdırılmamış sənədlərin mövcud ola biləcəyi ehtimalını artırır.
Nəşrin məlumatına əsasən, 2000-ci illərin ortalarında planlaşdırılan axtarış barədə xəbər alan Epşteyn özəl detektivlər tutub. Onlar kompüterləri Nyu-Yorkdakı gizli saxlanc yerinə köçürüblər və bunun müqabilində on minlərlə dollar ödəniş alıblar.
Bundan əlavə, Epşteynin əməkdaşlarının onun ABŞ-ın Vircin adalarındakı şəxsi adasından kompüter və disklərin çıxarılaraq gizli yerlərə daşınmasını müzakirə etdiyi bildirilir. Qəzet ehtimal edir ki, söhbət 2009-cu ildən əvvəlki dövrə aid materiallardan gedir. Yazışmaların detalları kompüter və sənədlərin gizlədilməsi sxeminin bir neçə dəfə həyata keçirildiyini göstərir. Həmin məlumatların hazırda mövcud olub-olmadığı və ya kimlərin əlində olduğu barədə isə məlumat verilmir.