23 fevral 2026 15:05
160

Araz Paşayev: “Gəncə” basketbol klubu Azərbaycan Kubokundakı qələbəsi ilə yeni bir uğura imza atdı

“Gəncə” basketbol klubunun rəhbəri, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Azərbaycan Kubokunun final mərhələsində “Gəncə” basketbol klubunun gərgin mübarizə şəraitində keçən matçda “Sabah” basketbol klubu üzərində daha üstün oyun nümayiş etdirərək 89:82 hesablı qələbə qazanaraq Azərbaycan Kubokunun sahibi olmaları münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə Araz Paşayev rəsmi "Facebook" səhifəsində paylaşım edib: “Komandanın mübarizəsi, enerjisi və qələbə ruhu “Gəncə”ni zirvəyə daşıdı. Qələbə Gəncənin oldu. Bu qələbə münasibətilə bütün “Gəncə” basketbol klubunun kollektivini təbrik edirəm. Uğurlarımızın ardı gələcək, komandamıza dəstək verməkdə davam edin! “Gəncə” Azərbaycan Kubokunun 2 qat qalibidir.”

Məlumat üçün bildirək ki, Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun final mərhələsi keçirilib. Həlledici qarşılaşmada “Gəncə” basketbol klubu ilə “Sabah” basketbol klubu üz-üzə gəlib. Yüksək temp və gərgin mübarizə şəraitində keçən final görüşündə Gəncə təmsilçiləri daha üstün oyun nümayiş etdirərək 89:82 hesablı qələbə qazanaraq Azərbaycan Kubokunun sahibi olublar.

Azərbaycan Kuboku ölkə basketbolunda 12 peşəkar klubun mübarizə apardığı iki əsas turnirdən biridir və bu da yarışdakı rəqabətin nə qədər yüksək olduğunu göstərir. “Gəncə” basketbol klubu kuboka gedən yolda güclü rəqibləri məğlub edib. 1/4 finalda “Neftçi” İK, yarımfinalda “Şəki” BK, finalda isə 3 qat Azərbaycan çempionu olan “Sabah” BK üzərində qələbə qazanıb.

Qeyd edək ki, sentyabr ayından etibarən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idarəçiliyinə keçən “Gəncə” klubunun daha peşəkar səviyyədə formalaşması və qısa müddətdə uğur qazanması üçün mühüm addımlar atılıb. Son 6 ay ərzində klubun maddi-texniki bazası gücləndirilib, fəaliyyətinin səmərəli təşkili üçün zəruri infrastruktur, avadanlıq və resurslarla təmin olunub.

Hazırda “A” qrupunda çıxış edən və turnir cədvəlində 3-cü yerdə qərarlaşan “Gəncə” basketbol klubunun əsas hədəfi liqada da mükafatçılar sırasında yer almaq, kubokdakı uğurun davamını gətirməkdir. Bununla yanaşı, klub növbəti mövsümdə Avropa basketbolunda Azərbaycan və Gəncə adını layiqincə təmsil etməyi qarşıya məqsəd qoyub.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsinin idarəçiliyinə keçdikdən sonra “Gəncə” basketbol klubu Azərbaycan Kubokundakı bu qələbə ilə yeni bir tarixi uğura imza atıb.