23 fevral 2026 15:40
122

Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək - Qurban Qurbanov

"Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik".

“İki sahil” xəbər verir ki,  bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, matça hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: "Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, ilk görüşdə rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".

Q.Qurbanov səfər oyununun açıq məşq və mətbuat konfransının Bakıda olmasına da aydınlıq gətirib: "Belə hallar bizdə olub. Bərpa üçün daha çox vaxt lazım idi. Buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq".