WUF13 -ün paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını göstərir
Şəhərsalma ənənələri olan ölkələr ta qədimdən sivilzasiyanın və mədəniyyətin önündə gediblər. Çünki insanların daha çox məskunlaşdığı yaşayış əraziləri məhz şəhərlər olublar. Bu gün də dünyada müasir şəhərsalma adət və ənənələri qorunur və bu, hər bir dövlətin sosial siyasətinin əsası hesab edilir. Bu mənada son illər paytaxtımız Bakının hər gün genişlənməsi, o cümlədən işğaldan azad olunmuş rayonlarımızda müasir şəhərsalmanın prinsiplərindən yararlanmağımız ölkəmizə yeni dividendlər gətirir.

Məhz bu uğurlu göstəricilərə görə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) cari ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək. Artıq Prezident İlham Əliyevin Sərəncamı ilə WUF13-ün hazırlanması və idarə olunması üçün təsis edilən xüsusi Təşkilat Komitəsi bütün mərhələlər üzrə geniş hazırlıq işləri aparır.
COP29 kimi beynəlxalq mötəbər tədbirə ev sahibliyi etmiş ölkəmizin təşkilatçılıq bacarığı və gücü hələ də dünyada dillər əzbəridir. Bu kimi beynəlxalq tədbirlərin qüsursuz keçirilməsi Azərbaycan dövlətinin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini göstərir. Ölkəmiz yenə də WUF13 kimi tarixi tədbirin keçirilməsində kənar müşahidəçi kimi deyil, gündəm formalaşdıran tərəf kimi çıxış edir. Ona görə də 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət daşıyır. Söhbət təkcə növbəti beynəlxalq tədbirdən getmir. Bu Forum şəhərlərin gələcəyinin, urbanizasiyanın yeni mərhələsinin və dayanıqlı inkişaf modellərinin müzakirə olunduğu qlobal platformadır. Bakının bu prosesin mərkəzində olması Azərbaycanın beynəlxalq nüfuzunun məntiqi nəticəsidir.
WUF13 ölkəmiz üçün iki istiqamətdə mühüm imkanlar yaradacaq. Bir tərəfdən, son illər həyata keçirilən şəhərsalma layihələri, işğaldan azad edilmiş ərazilərdə qurulan «ağıllı şəhər» və «ağıllı kənd» layihələri, paytaxtda və regionlarda aparılan yenidənqurma işləri dünya auditoriyasına təqdim ediləcək. Digər tərəfdən isə Azərbaycan dayanıqlı urbanizasiya, müasir şəhər idarəçiliyi və sosial inklüzivlik mövzularında qlobal diskussiyalara töhfə verən tərəf kimi çıxış edəcək.
Bu beynəlxalq tədbir zəmamnı dünyanın yüzdən çox ölkəsindən minlərlə nümayəndənin paytaxtımıza gəlməsi gözlənilir. Bu isə Cənubi Qafqazın ən müasir və böyük şəhəri olan Bakının yalnız siyasi və iqtisadi mərkəz kimi deyil, həm də intellektual dialoq platforması kimi mövqeyini möhkəmləndirəcək. Forumun Bakıda keçirilməsi həm də qədim Bakı ilə müasir Bakını dünyaya tanıdacq. İçərişəhərin daş salnamələri ilə müasir memarlıq nümunələrinin bir arada mövcudluğu Azərbaycanın urbanistik kimliyini özündə əks etdirəcəkdir. Yəni, bu tədbir vasitəsilə ölkəmiz beynəlxalq aləmə göstərəcəkdir ki, qədimiliklə müasirliyi eyni anda yaşatmaq mümkündür.
Ümumiyyətlə, belə genişmiqyaslı Forumun təşkili ciddi hazırlıq tələb edir. Xarici qonaqların qarşılanması, təhlükəsizlik tədbirləri, logistika zəncirinin qurulması, beynəlxalq media ilə koordinasiya – bütün bu proseslər vahid mexanizm kimi işləməlidir. Azərbaycan əvvəlki təcrübələrdə bunun öhdəsindən uğurla gəldiyini sübut edib. Bu dəfə də məqsəd yalnız tədbiri keçirmək deyil, onu nümunəvi səviyyədə təşkil etməkdir.
Təbii ki, sözügedən Forum başa çatdıqdan sonra belə, onun müsbət təsiri davam edəcək. Yəni, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən aparıcı mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirəcək. Eyni zamanda, Forum çərçivəsində qurulan əlaqələr, imzalanan əməkdaşlıq təşəbbüsləri və aparılan müzakirələr ölkənin urbanizasiya siyasətinə yeni stimul verəcək.
Bakı Olimpiya Stadionu (BOS) tədbir üçün əsas məkan olaraq seçilib və burada tədbirə uyğun infrastruktur və məkan planlamaları aparılır. Hazırda BOS-un logistika, konfrans zonaları, təqdimat sahələri və «Urban Expo» üçün uyğunlaşdırılması üzərində iş gedir.
Bəli, paytaxtımız 2026-cı ilin mayında sadəcə bir Forumun keçirildiyi şəhər olmayacaq. O, şəhərlərin gələcəyinin müzakirə olunduğu qlobal tribunaya çevriləcək. Azərbaycan isə bu tribunada gələcəyin şəhər modelini formalaşdırmağa çalışan dövlət kimi çıxış edəcək.
Forumun başqa bir mühüm üstünlüyü geniş könüllü dəstək sisteminin qurulmasıdır. Forum üçün könüllü proqramı çərçivəsində 16 minədək müraciət daxil olub və bu müraciətlərin əsasında seçilən 2500 gənc könüllü üçün müsahibələr və təlim proqramları təşkil edilir. Onlar Forum zamanı iştirakçıları qarşılayacaq, informasiya xidmətlərini dəstəkləyəcək və təşkilati proseslərdə fəal rol oynayacaqlar.
Elçin Zaman, «İki sahil»