Avropa İttifaqı (Aİ) çirklənmiş körpə qidası ilə bağlı qalmaqaldan sonra Çindən idxal olunan bəzi xammala nəzarəti sərtləşdirir.
“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Aİ-nin qərarına əsasən, Çindən gətirilən araxidon turşusu yağı yalnız laboratoriyada sereulid toksininə görə yoxlanıldıqdan və müvafiq sertifikat təqdim edildikdən sonra İttifaq ərazisinə buraxılacaq. Yeni qaydalar sabahdan qüvvəyə minir və gömrük orqanları idxal partiyalarının azı 50 faizini sertifikat baxımından yoxlayacaq.
Bu qərar dekabrdan etibarən 60-dan çox ölkədə körpə qidalarının geri çağırılması ilə nəticələnən hadisələrdən sonra qəbul olunub. Bir sıra iri istehsalçılar, o cümlədən “Nestle”, “Danone” və “Lactalis” mümkün çirklənmə riski səbəbindən məhsulları satışdan çıxarıb. Bildirilir ki, sereulid toksini təchizatçılardan birinin təqdim etdiyi tərkib hissəsində aşkarlanıb.
Avropa Qida Təhlükəsizliyi Agentliyi və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, Avropanın azı yeddi ölkəsində azyaşlılar arasında xəstələnmə halları qeydə alınıb. Sereulid ishal və qusma kimi əlamətlər yarada bilər.
Aİ rəsmiləri bildirirlər ki, yeni nəzarət mexanizmi istehlakçıların təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü yalnız... - Peskovdan açıqlama
İran ABŞ-nin regionda hərbi mövcudluğunu artırması fonunda neft ixracını çoxaldıb