Almaniyanın bütün ərazisində internetdə nifrət xarakterli və təhrikedici paylaşımlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, ölkənin 16 federal əyalətinin hər birində keçirilən reydlər zamanı sosial şəbəkələrdə siyasi motivli cinayət tərkibli materiallar yayan şəxslər hədəfə alınıb. Federal Cinayət Polisi İdarəsinin (BKA) yaydığı məlumata görə, tədbirlər Almaniya üzrə başlanmış təxminən 140 cinayət işi əsasında aparılıb.
Əməliyyatlar zamanı bir sıra mənzillərdə axtarış aparılıb, şübhəli şəxslər polis idarələrinə çağırılıb, mobil telefon və digər elektron daşıyıcılardan sübutlar götürülüb. Araşdırmalar siyasi motivli cinayətlərin bütün istiqamətlərini əhatə edir. Halların təxminən yarısının sağ radikal spektrlə bağlı olduğu bildirilsə də, solçu, eləcə də dini və xarici ideoloji zəminli faktlar da qeydə alınıb.
BKA-nın məlumatına əsasən, şübhəlilər barəsində irəli sürülən ittihamlar arasında xalqı nifrətə təhrik etmə, konstitusiyaya zidd və terrorçu təşkilatların rəmzlərindən istifadə, cinayətləri açıq şəkildə bəyənmə və təhqir halları yer alır. Prokurorluq təkcə Hessen əyalətində 10 nəfərin məsuliyyətə cəlb olunduğunu açıqlayıb.
Hüquq-mühafizə orqanları vətəndaşları internetdə qanunsuz məzmunlarla bağlı məlumat verməyə çağıraraq, bu cür paylaşımların radikallaşma və zorakılığa zəmin yarada biləcəyini qeyd ediblər.
Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü yalnız... - Peskovdan açıqlama
İran ABŞ-nin regionda hərbi mövcudluğunu artırması fonunda neft ixracını çoxaldıb