26 fevral 2026 01:14
103

Zelenski Trampla telefon danışığının detallarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə bu yaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.

"Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim", - Zelenski paylaşımda qeyd edib.

O həmçinin PURL proqramının əhəmiyyətini və Ukraynanın daha effektiv müdafiə üçün ABŞ-dən ala biləcəyi hava hücumundan müdafiə sistemlərinin vacibliyini qeyd edib.

"Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın ilk günlərində danışıqlar aparan komandaların tam tərkibdə üçtərəfli formatda növbəti görüşünə hazırlığı müzakirə etdik", - Zelenski əlavə edib.

Ukrayna lideri bu danışıqların liderlər səviyyəsində görüşün təşkil edilməsinə imkan yaradacağına ümidvar olduğunu bildirib.

"Prezident Tramp bu cür addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin yeganə yolu budur", - Zelenski fikirlərini yekunlaşdırıb.