26 fevral 2026 12:00
178

XOCALI: SOYQIRIMDAN BÖYÜK QAYIDIŞA VƏ İNKİŞAFA DOĞRU

XX əsrin sonlarında Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri Xocalı şəhərinin taleyinə yazıldı. 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri kimi tarixə düşdü. Bu hadisə yalnız hərbi cinayət deyildi, məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və qorxu siyasətinin nəticəsi idi. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və insan hüquqlarına dair fundamental normaların kobud şəkildə pozulması idi. O gecə Xocalıda qətlə yetirilənlər sadəcə silahsız mülki insanlar deyildi, onlar Azərbaycanın gələcəyi, demokratik gücü idi.  O gecə qadınlar, uşaqlar, qocalar amansızcasına öldürüldü, ailələr parçalandı, bir şəhər xəritədən silindi. Xocalı soyqırımı beynəlxalq hüququn bütün normalarının pozulması idi, lakin dünya uzun illər bu faciəyə laqeyd yanaşdı.

Nə üçün Xocalı?

Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskənini yer üzündən silməyi qarşıya məqsəd  qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə malik olan ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətə malik şəhər kimi  erməniləri narahat edirdi. Çünki, Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi.

 25-26 fevral, qanlı gecədən öncə Xocalı

 Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi hava nəqliyyatı olmuşdur. Ancaq bir neçə ay sonra Xocalı ilə bu əlaqə də kəsildi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək isə, ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

Bir məsələni də vurğulamaq istərdim ki, təkcə iki ay ərzində (yanvar fevral ayları) 4 dəfə Müdafiə Nazirliyinin postunda dəyişiklik edilmişdir.  Bu o dövr hakimiyyətində nə qədər boşluq, səriştəsiz insanların olduğunu götərən amillərdəndir.

Xocalıda vuruşan terror təşkilatları

I yerdə ASALA terror təşkilatı dururdu. ASALA terror təşkilatının 26 nəfərlik dəstəsi Simonyanın rəhbərliyi ilə 1992-ci ildə 366-cı alayın tərkibinə qatılmışdır.  Alayın komandiri general Zarviqarova tanışlıq məqsədi ilə 36 min dollar vermişdir.

Sonrakı yerdə Haydat terror təşkilatı durur. Bu terror təşkilatı da 366 alayın tərkibinə daxil olmuşdur. Kimlərin yerinə? 1992-ci il yanvar ayında təxris olunan 194 nəfər türkmən, qazağ, gürcü, tatarların yerinə. Bunların da pulunu Professor ləqəbli  Serj Babayan adlı bir nəfər ödəyirdi. Sonra bu dəstəyə fevralın 17 də Şuşanik adlanan snayperçi qızlar daxil olmuşdur. Bu qızlar Livanda təlim keçmişlər.

Erməni birliyi terror təşkilatı. Bu təşkilatın əsas məqsədi terrorçuları, Muzdlu döyüşçüləri saxta sənədlə Qarabağa, Xocalıya ötürməkdən ibarət olmuşdur.

17 noyabr və “Tiqrançılar” adlı terror təşkilatları Xocalı soyqırımı zamanı kimyəvi silahlardan istifadə etmişlər.

Xocalı faciəsindən sonra bura gələn terror təşkilatları da olub ki, bunlardan Qaflan qrupunun adını çəkmək olar. Bu qrupun işi meyitləri yandırmaqdan ibarət olmuşdur. Xocalı faciəsinin nə qədər vəhişiliklə törədildiyini ermənilərin öz dili ilə dediyi sözlərlə bir iki cümlə ilə qeyd etmək istərdik. Livanda yaşıyan erməni yazıçı-jurnalist David Xerdiyan Xocalı hadisələrindən bəhs edən "Xaç uğrunda" kitabında yazır: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı türk uşağının və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".

Ermənilərin ən çox sevdiyi ideoloqlarından biri Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi

 Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1992-ci ilin faciəsi 2023-cü ilin suverenliyi ilə əvəz olundu, Xocalı artıq azaddır və Böyük Qayıdışın ünvanıdır

Lakin tarix yalnız keçmişlə ölçülmür. Tarixin əsas dəyəri ondan nəticə çıxarmaq bacarığındadır. Azərbaycan dövləti Xocalı faciəsini yalnız matəm simvolu kimi deyil, milli gücün formalaşması üçün dərs kimi qəbul etdi. Ordu quruculuğu, milli həmrəylik və strateji səbr illər boyu davam etdi. Bu prosesin kulminasiya nöqtəsi 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə oldu.

Bu Qələbə Xocalının da taleyini dəyişdi. Artıq Xocalı yalnız soyqırımı ilə xatırlanan məkan deyil. Xocalı Böyük Qayıdış strategiyasının ayrılmaz hissəsi kimi yenidən gündəmə gəldi. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Xocalının da gələcək simasını müəyyənləşdirdi.

Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən tezliklə yenə də uşaq səsləri, evlərdən şənlik sədası gəlir. Bir zamanlar qaranlığa bürünən Xocalıda indi hər evdə gur işıq yanır.

Bir il belə çəkmədi, yenidən quruldu bu şəhər. Möcüzədir! Həm də Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev antiterror tədbirlərindən dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərinə səfər etmiş və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu hadisə dövlət suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya hakimiyyətinin bərpasının rəsmi və rəmzi təsdiqi kimi qiymətləndirilir.

Xocalı sakinləri ilə görüşdə Memorial Kompleksinin barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Memorial Kompleksin yaradılası ilə bağlı məsələlər uzun illər müzakirə edilib, hətta “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir”. Bu gün Xocalı yalnız keçmişin xatirəsi deyil; o yenidən doğulan, inkişaf edən və gələcəyə ümidlə baxan bir yaşayış məntəqəsidir. Burada yeni həyat qurulur, yeni nəsillər doğulur və bu torpağın sahibləri öz tarixlərini yenidən yazırlar. Bu gün Xocalı inkişaf konsepsiyasında xüsusi yer tutur. İnfrastruktur layihələri, müasir yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi planlı şəkildə həyata keçirilir. Məqsəd sadəcə insanları geri qaytarmaq deyil. Məqsəd təhlükəsiz, dayanıqlı və müasir bir Xocalı qurmaqdır. Bu, post-münaqişə dövrünün ən mühüm siyasi və sosial çağırışlarından biridir.

Xocalının yenidən dirçəlməsi həm də beynəlxalq aləmə mesajdır. Bu mesaj ondan ibarətdir ki, soyqırımı ilə qorxudulan xalq məğlub olmadı. Əksinə, daha güclü dövlət qurdu, torpaqlarını azad etdi və gələcəyə inamla addımlayır. Xocalının bərpası təkcə tikinti prosesi deyil, ədalətin bərpasıdır.

ASƏF ORUCOV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent